Heydər Əliyev və hüquqi islahatlar

Ötən əsrin 90-cı illərinin əvvəllərində yenidən müstəqilliyinə qovuşmuş ölkəmiz üçün müstəqilliyinin və dövlətçiliyinin gələcək təminatı kimi hüquqi dövlət quruculuğu istiqamətində islahatların aparılması ən vacib amillərdən idi. Müstəqilliyimizin bərpası ilə paralel erməni təcavüzünə və işğalına məruz qalmağımız və ölkə daxilində baş verən xaotik proseslər dövlətçiliklə bağlı bütün prioritetləri, o cümlədən hüquqi dövlət quruculuğu prosesini arxa planda saxlamışdı. Təbii ki, dövləti, dövlətçiliyi və onun gələcək müqəddəratını düşünmək və bu istiqamətdə real addımlar atmaq üçün ilk öncə dövlətçilik və idarəçilik təcrübəsinə sahib olmaq zəruri idi. Bir əsrdə artıq ikinci dəfə müstəqilliyini əldə etmək üçün kifayət qədər itkilərə və məhrumiyyətlərə məruz qalmış uzaqgörən Azərbaycan xalqı artıq bu dəfə nəyin bahasına olursa olsun səhv etmək istəmirdi. Bu məsələdə xalqımızı ən gözəl anlayan və onun müstəqilliyinin gələcək təminatı kimi hüquqi dövlət quruculuğunun əhəmiyyətini başa düşən Ulu Öndər Heydər Əliyevin öz xalqı qarşısında sonuncu missiyasını yerinə yetirmək üçün çətin və təhlükəli məqamda yenidən hakimiyyətə gəlməsi hər şeyi dəyişdi.

Müstəqil Azərbaycanın Konstitusiyasının qəbul edilməsi

Ölkəmizin bütün istiqamətlərdə, o cümlədən hüquqi dövlət quruculuğu istiqamətində inkişaf strategiyasının təməlini qoyan Ümummilli Lider həmin prosesin əsas tərkib hissəsi kimi hüquqi sahədə geniş islahatlar prosesini başlatdı. Müstəqilliyini yeni bərpa etmiş bir dövlət üçün hüquqi islahatların aparılması nə qədər vacib idisə, həmin islahatları şərtləndirən, onların təməl prinsiplərini özündə əks etdirən və ümumilikdə islahat prosesinin gələcək yol xəritəsini müəyyənləşdirən Konstitusiyanın qəbulu da, bir o qədər vacib idi. Bu prinsipi rəhbər tutan Ulu Öndər Heydər Əliyev bütün çətinliklərə və maneələrə baxmayaraq müstəqil Azərbaycanın tarixində ilk Konstitusiyanın qəbul edilməsi kimi çox mürəkkəb və bir o qədər də əhəmiyyətli prosesi 1995-ci ildə uğurla başa çatdırdı. Artıq ölkədə hüquqi dövlət quruculuğunu şərtləndirən əsas amillərdən biri kimi, hüquqi islahatların aparılması üçün ümumxalq rəyi, dövlətin ən ali səviyyəsində iradə və bu islahatların keçəcəyi yol xəritəsi mövcud idi.

Hüquq İslahat Komissiyasının yaradılması

Ölkəmizdə, Konstitusiyada nəzərdə tutulan hakimiyyətlərin bölgüsü prinsipinə əsaslanmaqla məhkəmə hakimiyyətinə və ədalət mühakiməsi prosesinə cəmiyyətin baxışını dəyişmək üçün bu sahədə köklü islahatlara  ehtiyac yaranmışdı. Məhz bu məqsədlə, o zaman Azərbaycana rəhbərlik edən Prezident Heydər Əliyev 1996-cı ildə Hüquqi İslahat Komissiyasını yaratdı. Komissiyanın qarşısına Azərbaycanın keçdiyi dövlətçilik tarixinə aid ənənələri və cəmiyyətimizin spesifik xüsusiyyətlərini nəzərə almaqla, dövrün inkişaf etmiş dövlətlərinin məhkəmə hüquq sistemlərinin təcrübəsini öyrənərək ölkəmizdə tətbiq edilməsi kimi mühüm vəzifə qoyulmuşdu.

Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi

Azərbaycanda hüquqi dövlət quruculuğu istiqamətində islahatlar prosesi ilk milli Konstitusiyamızın qəbul edilməsi və Hüquqi İslahat Komissiyasının yaradılması ilə başlasa da, hələ buna qədər də bəzi mühüm addımlar atılmışdı. Belə ki, yenicə müstəqilliyinə qovuşmuş dövlətimizin təhlükəsizliyinin təmin edilməsi, xalqımızın, dövlətimizin və dövlətçiliyimizin maraqlarına qarşı yaranan ciddi təhdidlərin qarşısının alınması üçün  cinayətkarlıqla mübarizə tədbirləri genişləndirilməkdə idi. Heydər Əliyev tərəfindən ölkədə cinayətkarlığın bütün təzahülərinə, o cümlədən korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin gücləndirilməsi sahəsində konkret tədbirlər görülməsini nəzərdə tutan "Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında" 1994-cü il 9 avqust tarixli 181 nömrəli Fərmanın qəbul edilməsi və onun icrası nəticəsində ölkədə hüquq və ədalətin təntənəsinin bərpa edilməsi, əhalinin təhlükəsizliyinin təmin edilməsi, onların hüquq və azadlıqlarının müdafiəsi istiqamətində mühüm irəliləyişlərə nail olunmuşdur.

Cəza siyasətinin humanistləşdirilməsi

Eyni zamanda, ölkədə hüquqi islahatların aparılmasına mövcud qanunvericilik bazasının humanizm prinsipləri əsasında yenilənməklə başlanıldı. Belə ki, inkişaf etmiş bir çox dünya dövlətlərində hələ də tərəddüdlə qarşılanan ən ağır cəza - ölüm cəzasının ləğvi prosesinin əsası ölkəmizdə 1993-cü ildə qoyulmuşdur. Həmin ildə Ümummilli Lider Heydər Əliyev ölüm hökmünün icrasına moratorium qoyulması təşəbbüsünü irəli sürmüşdür. Daha sonra “Azərbaycan Respublikasında ölüm cəzasının ləğv olunması ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət, Cinayət-Prosessual və İslah-Əmək Məcəllələrinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 1998-ci il  10 fevral tarixli 431-IQD nömrəli Qanunu qəbul edilmişdir. Ölkəmizin 1998-ci il 11 dekabr tarixində “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın ölüm cəzasının ləğvinə yönəlmiş İkinci Fakultativ Protokoluna qoşulması ilə Şərqdə ilk dəfə olaraq Azərbaycanda bu cəza növü ləğv edildi. Humanist baxışlara, xeyirxahlığa sahib Heydər Əliyevin təşəbbüsü ilə humanizm, ədalət prinsipləri və cinayətlərə görə cəzaların uyğunluğu nəzərə alınmaqla ölkəmizdə qanuna və hüquqa əsaslanmış əfv və amnistiya kimi bağışlama institutları bərpa edildi.  1995-2003-cü illərdə bilavasitə onun tərəfindən imzalanmış 32 əfv sərəncamı və onun prezidentliyi dönəmində qanunvericilik orqanı tərəfindən qəbul edilmiş 7 amnistiya aktı 80 mindən çox insana şamil edilmişdir. Həmçinin, cəzaların icrası sistemi ilə əlaqəli aparılan islahatların tərkib hissəsi olaraq post-sovet məkanında ilk dəfə Azərbaycanda əvvəllər Daxili İşlər Nazirliyinin tərkibində olan penitensiar xidmət tamamilə Ədliyyə Nazirliyinin tabeliyinə verildi.

 Milli qanunvericilik bazasının formalaşdırılması

Sovet dövründən qalmış qanunvericilik bazasının yenilənməsi və ictimai münasibətlərin mövcud dövrün tələblərinə cavab verən normativ hüquqi aktların, o cümlədən “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Uşaq hüquqları haqqında”, “Konstitusiya Məhkəməsi haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Polis haqqında”, “Normativ-hüquqi aktlar haqqında” qanunların, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında”, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya qanunlarının, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının, habelə hal-hazırda qüvvədə olan əsas məcəllələrin və digər hüquqi aktların layihələri hazırlanaraq qəbul edildi.

 Məhkəmə sisteminin təkmilləşdirilməsi

“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsi ilə ölkəmizdə əvvəlki məhkəmə sistemindən əsaslı surətdə fərqlənən, ədalət mühakiməsinin səmərəli və effektiv həyata keçirilməsinə yönəlmiş təkmil və müstəqil üçpilləli məhkəmə sistemi formalaşdırıldı. Bununla yanaşı 1998-ci il 14 iyul tarixində əsas məqsədləri Azərbaycan Respublikası Konstitusiyasının aliliyini təmin etmək, hər kəsin əsas hüquq və azadlıqlarını müdafiə etmək olan ali konstitusiya ədalət mühakiməsi orqanı — Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi yaradıldı.Ədalət mühakiməsini həyata keçirən məhkəmə sisteminin təşkilinin təmin edilməsi, hakim vəzifələrinə namizədlərin seçilərək ədalət mühakiməsini müstəqil və qərəzsiz həyata keçirən hakimlər korpusunun formalaşdırılması məqsədilə Ulu Öndərin 1998-ci il 1 dekabr tarixli 30 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Prezidentinin yanında Məhkəmə-Hüquq Şurası yaradılmış və onun əsasnaməsi təsdiq edilmişdir. Heydər Əliyevin 2000-ci il 17 yanvar tarixində imzaladığı “Azərbaycan Respublikasında hakim vəzifəsinə namizədlərin seçilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” Fərmanla hakimlərin şəffaf prosedur əsasında, beynəlxalq tələblərə uyğun seçilməsi, hakimliyə namizədlərin peşə hazırlığının, bu vəzifəyə layiq olmasının müəyyən edilməsi və hakim vəzifəsinə ixtisaslı və səriştəli şəxslərin təyin edilməsi məqsədlərinə uğurla nail olundu, dövlətçilik tariximizdə ilk dəfə olaraq test üsulu ilə imtahan və müsahibə əsasında hakimlərin seçilməsinə başlanıldı.

Müstəqil vəkillik təsisatının formalaşdırılması

Ədalət mühakiməsi prosesində özünəməxsus rola sahib olan vəkillik institutu ilə bağlı da addımlar atılmış və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” 1999-cu il 28 dekabr tarixli Azərbaycan Respublikasının Qanunu ilə ölkəmizin tarixində ilk dəfə vəkillik tam müstəqil, hakimiyyətin heç bir qolundan asılı olmayan bir təsisat kimi təsbit edilmişdir. Bununla da fiziki və hüquqi şəxslərə yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsi istiqamətində mühüm irəliləyişlərə nail olunmuşdur. 

İnsan hüquqlarının müdafiəsinin gücləndirilməsi

Ulu Öndər Heydər Əliyevin apardığı çoxşaxəli hüquqi islahatların əsas istiqamətlərindən birini də insan hüquqlarının təminatı və müdafiəsinin gücləndirilməsi, bu sahədə institusional mexanizmlərin təsbiti təşkil edirdi. Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının tərəqqisini məhz “insan meyarı”nın inkişaf etdirilməsində görərək, insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirlərin səmərəliliyini artırmaq məqsədilə 1998-ci il 18 iyun tarixli 832 nömrəli Sərəncamı ilə ölkəmizdə insan hüquqlarının müdafiəsi sahəsində ilk fundamental sənədi — İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramını təsdiq etmişdir. 2002-ci il 24 dekabr tarixində isə Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsini “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyaya uyğunlaşdırmaq məqsədilə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Konstitusiya Qanunu qəbul edilmişdir.Təməli Heydər Əliyev tərəfindən qoyulmuş insan hüquqları üzrə milli strategiya ölkə Prezidenti İlham Əliyev tərəfindən ardıcıl davam etdirilmiş, onun sərəncamları ilə 2006-cı və 2011-ci illərdə müvafiq olaraq Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı və Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi nəticəsində ölkəmizdə insan hüquqlarının təmin edilməsi prosesi keyfiyyətcə yeni mərhələyə keçmişdir. Prezident İlham Əliyevin 2007-ci il 18 iyun tarixli 2231 nömrəli Sərəncamı ilə isə hər il iyunun 18-i Azərbaycan Respublikasında İnsan hüquqları günü kimi qeyd olunmağa başlanılmışdır.Ölkə üzrə insan hüquqlarının etibarlı müdafiəsi və təminatını dövlətin prioritet vəzifəsi kimi müəyyənləşdirən Ümummilli Liderin rəhbərliyi dövründə ölkəmiz “Milli azlıqlara mənsub olan şəxslərin hüquqlarının təmin edilməsi haqqında”, “İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı”, “Köləlik haqqında”, “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında”, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" konvensiyalar da daxil olmaqla insan hüquq və azadlıqlarının təminatı sahəsində çoxsaylı beynəlxalq sənədlərə qoşulmuşdur. 

Müstəqil ombudsman təsisatının yaradılması 

Müəllifi olduğu Konstitusiyada nəzərdə tutulmuş Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili institutunun yaradılması da Heydər Əliyevin bu istiqamətdə təşəbbüskarlığı nəticəsində mümkün olmuşdur. Onun imzaladığı “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” 1998-ci il 22 fevral tarixli 678 nömrəli Fərmanda, habelə 1998-ci il 18 iyun tarixli 832 nömrəli  Sərəncamla təsdiq edilmiş “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nda insan hüquqları üzrə Azərbaycan Respublikasının səlahiyyətli müvəkkili təsisatının yaradılması nəzərdə tutulmuş və bu təsisat 2001-ci il 28 dekabr tarixində “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanunu ilə yaradılmışdır.

Yerli özünüidarəetmə sisteminin yaradılması

Eyni zamanda demokratik dövlətin zəruri xüsusiyyətlərindən olan yerli idarəetmənin ölkəmizdə təşəkkül tapması da Ulu Öndər Heydər Əliyevin iradəsi və əməyi nəticəsində mümkün olmuşdur. Onun rəhbərliyi ilə hazırlanmış və xalqımız tərəfindən yekdilliklə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında yerli özünüidarəetmənin ümumi əsasları müəyyən edilmiş, həmçinin onun qəbulundan sonra bələdiyyələrin, bələdiyyə üzvlərinin statusunu, bələdiyyə qulluğunun və bələdiyyələrin maliyyəsinin əsaslarını, bələdiyyə əmlakının hüquqi rejimini və əlaqəli digər mühüm məsələləri tənzimləyən qanunlar qəbul edilmişdir. 1999-cu ildə Azərbaycanda ilk dəfə bələdiyyələrə seçkilər keçirilmiş, 2001-ci ildə isə ölkəmiz “Yerli özünüidarə haqqında" Avropa Xartiyasına qoşulmuşdur.* * *Zamanında Ulu Öndər Heydər Əliyevin başlatdığı geniş miqyaslı hüquqi islahatlar hal-hazırda onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla və sistemli şəkildə davam etdirilərək qloballaşmaqda olan dünyada sosial-iqtisadi amillər, elmi-texniki nailiyyətlər və yeni çağırışlar nəzərə alınmaqla həyata keçirilir. Bu proses isə öz növbəsində ölkəmizdə hüquqi dövlətin əsaslarının daha da möhkəmlənməsinə, insan hüquq və azadlıqlarının təminatında yeni mərhələnin başlanmasına səbəb olmuş və məhkəmə-hüquq sisteminin dünyanın qabaqcıl demokratik dövlətlərinin məhkəmə-hüquq sistemləri ilə ayaqlaşmasına gətirib çıxarmışdır.