Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin Müşahidə Şurasının Şuşa şəhərində ilk iclası keçirilib

14-06-2022 | 12:10 288

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Konstitusiya Məhkəməsi, Milli Məclis və Nazirlər Kabineti nümayəndələrinin iştirakı ilə 2022-ci il 13 iyun tarixində Şuşada Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin Müşahidə Şurasının genişləndirilmiş formatda ilk əyani iclası keçirilmişdir.

İclasda Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 19 may tarixli Fərmanı ilə yaradılmış HEQT Mərkəzinin qarşısına qoyulmuş əsas vəzifələr və hədəflər, habelə zəruri təşkilati məsələlər müzakirə edilmişdir.

İclasda HEQT Mərkəzinin yaradılmasının Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə ölkədə həyata keçirilən hüquqi islahatların mühüm mərhələsi olması xüsusi vurğulanmışdır. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri, Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisi Gündüz Kərimov HEQT Mərkəzinin qarşısında duran vəzifələr barədə ölkə rəhbərliyinin tapşırıqlarını və HEQT Mərkəzinin fəaliyyətindən gözləntilərini iclas iştirakçılarının diqqətinə çatdırmışdır. Bundan başqa iclasda HEQT Mərkəzinin inkişaf istiqamətləri, strateji məqsədləri barədə təqdimat nümayiş etdirilmiş və müvafiq müzakirələr keçirilmişdir. Müzakirələr zamanı HEQT Mərkəzinin strukturu, iş bölgüsü, onun digər dövlət qurumları ilə işgüzar əlaqələrinin qurulması barədə fikir mübadiləsi aparılmışdır. HEQT Mərkəzinin tabeliyində olan Hüquq və İnsan Haqları İnstitutunun publik hüquqi şəxs statusunda gələcək fəaliyyətinin hüquqi çərçivəsi, fəaliyyət istiqamətləri və daxili strukturu ilkin olaraq müzakirə edilmişdir.

İclasda, həmçinin HEQT Mərkəzinin rəhbərliyinə namizəd şəxslərlə müsahibə keçirilmiş, Mərkəzin ştatının yüksəkixtisaslı mütəxəssislərdən formalaşdırılması məqsədi ilə işə qəbul üçün açıq, şəffaf və rəqabətli müsabiqənin keçirilməsi barədə qərar qəbul edilmişdir.