Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin nümayəndələri XII Sankt-Peterburq Beynəlxalq Hüquq Forumunda iştirak ediblər

29-06-2024 | 11:00 156

Cari ilin 26-28 iyun tarixlərində Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin İcraçı direktoru Samir Mahmudov və Publik hüququn ekspertizası şöbəsinin müdiri Rauf Vəliyev Rusiya Federasiyası Ədliyyə Nazirliyinin dəstəyi ilə Roskonqres Fondu tərəfindən təşkil edilən XII Sankt-Peterburq Beynəlxalq Hüquq Forumunda iştirak etmişdirlər.

Sankt-Peterburq Beynəlxalq Hüquq Forumu 2011-ci ildə Rusiya Federasiyasının Ədliyyə Nazirliyinin təşəbbüsü və Rusiya Federasiyası Prezidentinin dəstəyi ilə qlobal sosial-iqtisadi çağırışlar kontekstində aktual hüquqi problemlərin müzakirəsi məqsədilə yaradılmış hər il keçirilən hüquqşünaslıq sahəsində işgüzar tədbirdir. Həmin forumda Rusiya Federasiyasının və xarici ölkələrin dövlət orqanlarının yüksək vəzifəli şəxsləri, iqtisadiyyat, hüquq və beynəlxalq münasibətlər üzrə aparıcı ekspertlər, qlobal şirkətlərin hüquq departamentlərinin rəhbərləri, beynəlxalq hüquq ictimaiyyətinin nümayəndələri iştirak edirlər.

Bu ilki Forumda hüquq sahəsində fundamental tədqiqatlar və onun cəmiyyətə təsiri, təhsil və elmdə süni intellektdən istifadənin hüquqi tənzimlənməsi, beynəlxalq hüquq və mülkiyyət: yeni problemlər və həll yolları, XXI əsrdə əqli mülkiyyət hüququ, maliyyə bazarlarında vətəndaşların hüquqlarının səmərəli müdafiəsi: məlumat, mübahisələrin həlli, ədalətli müqavilə şərtləri və digər mövzular üzrə interaktiv sessiyalar keçirilmişdir.