“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 3, 5 və 6-cı maddələrinə dair təlimlər keçirilib

08-05-2023 | 12:20 289

“Avropa Məhkəməsinin qərarlarının Azərbaycan tərəfindən icrasının gücləndirilməsinə dəstək layihəsi” çərçivəsində Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi, onun tabeliyində olan Hüquq və İnsan Haqları İnstitutu, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və Avropa Şurasının birgə təşkilatçılığı ilə cari ilin 3-5 may tarixlərində “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının   (İHAK-ın)  3, 5 və 6-cı maddələrinə dair təlimlər keçirilmişdir.

Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin İcraçı direktoru Samir Mahmudov qonaqları və təlim iştirakçılarını salamlayaraq Avropa Şurasının Bakı Ofisinin rəhbəri Petr Zixi İnstitutda görməkdən məmnun olduğunu qeyd etmiş, insan hüquqlarının təmin olunması sahəsində Mərkəz və İnstitut qarşısında qoyulmuş vəzifələr barədə məlumat verərək, həmin vəzifələrin səmərəli icrası üçün bu cür təlimlərin keçirilməsinin vacibliyini bildirmişdir.

İnstitutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə təlim iştirakçılarına İnstitutun fəaliyyət istiqamətləri və qarşıda duran vəzifələr barədə ümumi məlumat vermiş, insan hüquqları sahəsində yaranmış problemlərin aradan qaldırılması məqsədilə görüləcək işlərin və Avropa Məhkəməsi qərarlarının Azərbaycan tərəfindən icrasının gücləndirilməsinin əhəmiyyətini vurğulamışdır.

Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzinin direktoru və Kollegiyanın sədr müavini Şahmar Məmmədov təlimin HELP Proqramının tanıdılması ilə bağlı bölməsində bu proqramın tanıdılmasının təkcə Azərbaycan hakimləri üçün deyil, vəkillər üçün də keçirildiyini qeyd edərək, insan hüquqlarının müdafiəsi sahəsində Kollegiyanın son illərdə gördüyü işlər və bu sahədə Hüquqi Yardım və Tədris Mərkəzinin fəaliyyəti barədə məlumat vermişdir.

Avropa Şurasının Bakı Ofisinin nümayəndələri, vəkillər, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Mərkəzin və İnstitutun əməkdaşlarının iştirakı, habelə Beynəlxalq konsultant İvana Roaqnanın və milli konsultant Günel Sevdimalıyevanın təqdimatı ilə keçirilən təlimlər 14 sessiyanı əhatə etmişdir.

Üç  gün davam edən təlimlərdə “Azərbaycan və İHAK”, “Konvensiya sistemi: təfsir prinsipləri. İHAK-a gender əsaslı yanaşma”, “Andraqogikaya giriş və böyüklər üçün tədrisin prinsipləri”, “İHAK-ın 3,5 və 6-cı maddələri haqqında məlumat”,  “Azərbaycanla bağlı 3-cü maddə üzrə presedent hüququ”, “AŞ-nın HELP təlim platforması” və “İHAK üzrə məhkəmə tərəfindən əsaslandırmaya dair öhdəliklər” mövzularında ətraflı məlumat verilmiş, praktik kazus və testlər üzərində iş aparılmış, təlimin metodologiyası şərh edilmişdir.