“Azərbaycan Respublikası Mülki Məcəlləsinin təkmilləşdirilməsi” işçi qrupunun növbəti görüşü keçirilib

15-02-2024 | 11:00 582

“Azərbaycan Respublikası Mülki Məcəlləsinin təkmilləşdirilməsi” işçi qrupunun üzvlərinin 14.02.2024-cü il tarixində Hüquq və İnsan Haqları İnstitutunda hibrid formatda növbəti görüşü keçirilmişdir.

Görüşdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1-ci fəsli üzrə hazırlanmış Konsepsiya sənədinin layihəsi müzakirə edilmişdir. Layihə maraqlı tərəflərin (Mülki Məcəllənin 1-ci fəslini tətbiq edən və ya belə tətbiqə məruz qalan subyektlərin) və işçi qrupun üzvlərinin təqdim etdikləri rəylər nəzərə alınmaqla Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi tərəfindən hazırlanmışdır.

İşçi qrupun rəhbəri, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin İcraçı direktoru Samir Mahmudov ilk əvvəl layihəni iclasda iştirak edən işçi qrupun üzvlərinə təqdim etmişdir. Daha sonra layihə ilə əlaqədar üzvlərin əlavə təklifləri müzakirə edilmiş və sualları cavablandırılmışdır.

Yekunda işçi qrupun üzvlərinin layihəyə dair əlavə rəy və təkliflərinin yazılı qaydada 01.03.2024-cü il tarixinədək təqdim edilməsi qərara alınmışdır.