Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin İcraçı direktoru Konstitusiya Məhkəməsinin təşkil etdiyi konfransda məruzə ilə çıxış edib

20-04-2023 | 11:30 313

Cari ilin 19 aprel tarixində Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin İcraçı direktoru Samir Mahmudov Konstitusiya Məhkəməsinin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə təşkil etdiyi “XXI əsrdə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində müasir nəzəri və praktiki yanaşmalar” mövzusunda elmi-nəzəri konfransda iştirak etmişdir.

Ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hüquq islahatlarının Ulu Öndər Heydər Əliyevin siyasi-hüquqi ideyalarına uyğun olaraq qanunçuluğun möhkəmləndirilməsinə, hüquqi cəmiyyətin inkişafına, habelə Azərbaycanın sivil və inkişaf etmiş dövlətlər sırasına daha fəal inteqrasiyasına xidmət etdiyini vurğulayan Samir Mahmudov konfransda “İnsan hüquqlarının müdafiəsi sahəsində Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin rolu” mövzusunda məruzə ilə çıxış etmişdir.

Samir Mahmudov öncə Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 19 may tarixli 1685 nömrəli Fərmanı ilə Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin normayaratma fəaliyyətinin keyfiyyətinin yüksəldilməsi məqsədilə yaradıldığını qeyd edərək, bu istiqamətdə nəzərdə tutulan əsas vəzifələr, həmçinin insan hüquqlarının təmin olunması sahəsində HEQT Mərkəzi qarşısında qoyulmuş vəzifələr barədə ətraflı məlumat vermişdir.

Daha sonra Samir Mahmudov HEQT Mərkəzi tərəfindən onun tabeliyində olan Hüquq və İnsan Haqları İnstitutu ilə birgə normativ hüquqi aktların layihələrinin insan hüquqları aspektindən də hüquqi ekspertizasının aparıldığını, həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin təhlilindən irəli gələrək təkliflərin verildiyini, aidiyyəti dövlət qurumlarının əməkdaşları üçün təlimlərin keçirildiyini və bu istiqamətdə digər zəruri tədbirlərin davamlı şəkildə icra edildiyini bildirmişdir.

Sonda Samir Mahmudov konfransın əhəmiyyətini vurğulayaraq onun fəaliyyətinə uğurlar arzulamışdır.