Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi ilə Rusiya Federasiyasının nümayəndə heyəti arasında görüş keçirilib

17-02-2023 | 10:40 328

 

Cari ilin 17 fevral tarixində Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin rəhbərliyinin Rusiya Federasiyasının Hökuməti yanında Qanunvericilik və Müqayisəli Hüquqşünaslıq İnstitutunun direktoru akademik Taliya Xabriyevanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü baş tutmuşdur. Görüş zamanı Mərkəzin İcraçı direktoru Samir Mahmudov Mərkəzin və tabeliyindəki Hüquq və İnsan Haqları İnstitutunun əsas fəaliyyət istiqamətləri haqqında qonaqlara ətraflı məlumat vermiş və gələcək planlar barədə fikirlərini bildirmişdir.

Akademik Taliya Xabriyeva öz növbəsində normativ hüquqi aktların ekspertizası, monitorinqi və hüquq elminin inkişafı sahəsində rəhbərlik etdiyi İnstitutun təcrübəsi haqqında geniş məlumat vermiş, qarşılıqlı fikir mübadiləsi aparmışdır.

Sonda tərəflər görüşün məhsuldar olduğunu bildirərək, gələcək əməkdaşlıq yolları, müvafiq sahədə birgə layihələrin həyata keçirilməsi perspektivlərini müzakirə etmişdirlər.