Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin 2023-cü ilin birinci yarımili üzrə fəaliyyətinə dair Müşahidə Şurasının iclası keçirilib

23-06-2023 | 11:00 612

Cari ilin 22 iyun tarixində Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin 2023-cü ilin birinci yarımili üzrə fəaliyyətinə dair Müşahidə Şurasının iclası keçirilmişdir. İclası giriş nitqi ilə açan Müşahidə Şurasının sədri Gündüz Kərimov gündəlikdə olan məsələləri iştirakçıların diqqətinə çatdırdı.

Daha sonra, HEQT Mərkəzinin İcraçı direktoru Samir Mahmudov çıxış edərək, cari ilin birinci yarımili üzrə HEQT Mərkəzinin fəaliyyəti, onun təşkili ilə əlaqədar görülmüş işlər barədə iclas iştirakçılarına ətraflı məlumat verdi. İlk növbədə bildirildi ki, bu yarımil ərzində HEQT Mərkəzinin komplektləşdirilməsi işi davam etdirilmiş, İcraçı direktorun müavini, müvafiq şöbələrin aparıcı və baş mütəxəssisləri işə qəbul edilmişdir.

Qeyd olundu ki, HEQT Mərkəzi 2023-cü ilin birinci yarımilində də Nizamnaməsinə müvafiq olaraq normayaratma fəaliyyətinin keyfiyyətinin yüksəldilməsi, dövlət qurumları əməkdaşlarının hüquq normalarının tətbiqi sahəsində bilik, bacarıq və səriştələrinin inkişaf etdirilməsi, hüquqi aktların layihələrinin hazırlanması, hüquqi ekspertizanın aparılması və bunlarla bağlı işlərin səmərəli əlaqələndirilməsi sahəsində fəaliyyətini uğurla davam etdirmişdir.

Belə ki, bu yarımil ərzində HEQT Mərkəzi tərəfindən normativ hüquqi aktların layihələrinin hazırlanması və hüquqi ekspertizasının aparılması təmin olunmuş, həmçinin ictimai münasibətlərin müxtəlif sahələri üzrə hüquqi tənzimlənmənin təkmilləşdirilməsi, hüquqi boşluqların və kolliziyaların aradan qaldırılması məqsədi ilə mövcud hüquqi baza təhlil edilərək qabaqcıl beynəlxalq təcrübə və beynəlxalq konvensiyaların tələbləri nəzərə alınmaqla qanunvericiliyin inkişaf etdirilməsi istiqamətində təkliflər hazırlanmışdır.

HEQT Mərkəzi tərəfindən bir sıra mərkəzi və yerli icra hakimiyyəti orqanlarının hüquq sahəsində fəaliyyət göstərən əməkdaşlarına hüquqi biliklərinin və təcrübələrinin artırılması üçün normayaratma fəaliyyəti, hüquq normalarının tətbiqi sahəsində təlimlər keçirilmiş və hazırda belə təlimlərin digər mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, dövlətə məxsus olan hüquqi şəxslərin müvafiq əməkdaşlarına da keçirilməsi üçün tədbirlər görülür.

Həmçinin bildirildi ki, HEQT Mərkəzinin Nizamnaməsinə uyğun olaraq hüquqi aktların elmi-praktiki kommentariyalarının hazırlanması istiqamətində tədbirlər görülmüş, artıq tabeliyindəki Hüquq və İnsan Haqları İnstitutu ilə birgə işlənilmiş “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun kommentariyasının yekun versiyası tamamlanmaqdadır. Eyni zamanda İnstitutla birgə hüquqi aktların Azərbaycan dilindən xarici dillərə və xarici dillərdən Azərbaycan dilinə tərcümə edilməsi təmin edilmiş, peşəkar hüquqi tərcümə işinin səmərəli təşkil edilməsi diqqətdə saxlanılaraq bu məqsədlə intensiv təlimlər keçirilmişdir.

Bundan başqa, cari ilin birinci yarımili ərzində HEQT Mərkəzinin əməkdaşlarının peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədi ilə beynəlxalq ekspertlərin səfərlərinin, mütəxəssis missiyalarının, ölkə daxilində və xaricində ezamiyyətlərin, təcrübə mübadiləsinin təşkili, yerli və xarici qurumlarla ikitərəfli münasibətlərin və əməkdaşlığın möhkəmləndirilməsi, mərkəzi və yerli icra hakimiyyəti orqanlarından, qurumlardan və vətəndaşlardan HEQT Mərkəzinə daxil olmuş müraciətlərin qanunvericiliyə müvafiq olaraq cavablandırılması, habelə Nizamnamə ilə nəzərdə tutulmuş hüquq və vəzifələrin həyata keçirilməsi istiqamətində görülmüş digər işlər haqqında məlumat verildi.

Çıxışın sonunda HEQT Mərkəzinin fəaliyyətinin təşkilinə dair hazırlanmış sənədlər Müşahidə Şurasının üzvlərinə təsdiq üçün təqdim olundu.

Bundan sonra, Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə cari ilin birinci yarımili ərzində görülmüş işlər və qarşıdakı planlar haqqında ətraflı məlumat verdi. Bu müddət ərzində İnstitut tərəfindən 188 polisə, yerli icra hakimiyyəti orqanlarının 211 əməkdaşına, insan hüquqlarına dair digər təlim və tədbirlərin təşkil edildiyi, habelə İnstitutun rəsmi saytında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş hüquq və insan haqlarına dair onlayn kitabxananın yaradıldığı, bir sıra normativ hüquqi aktların insan hüquqlarına dair ekspertizasının aparıldığı və digər fəaliyyətlərin həyata keçirildiyi bildirildi.

İclasda birinci yarımillik hesabatda qeyd olunan məsələlər ətrafında müzakirələr və fikir mübadiləsi aparılmış, yekunda HEQT Mərkəzinin və İnstitutun 2023-cü ilin birinci yarımili üzrə fəaliyyətləri Müşahidə Şurasının üzvləri tərəfindən qənaətbəxş hesab edilmişdir.