Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi tərəfindən normayaratma fəaliyyəti və hüquq normalarının tətbiqi sahəsində mərkəzi icra hakimiyyəti orqanlarının və publik hüquqi şəxslərin əməkdaşlarına təlim keçirilib

14-07-2023 | 16:00 328

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 19 may tarixli 1685 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin Nizamnaməsi”nə uyğun olaraq HEQT Mərkəzi tərəfindən cari ilin 10 - 14 iyul tarixlərində 7 mərkəzi icra hakimiyyəti orqanının və 3 publik hüquqi şəxsin hüquq sahəsində fəaliyyət göstərən 14 əməkdaşına hüquqi biliklərinin və təcrübələrinin artırılması üçün normayaratma fəaliyyəti və hüquq normalarının tətbiqi sahəsində təlim keçirilmişdir.

Təlimdə normayaratma prosesində aktual problemlər, hüquqi aktların növləri və qəbul edilmə xüsusiyyətləri, normativ hüquqi aktların kolliziyası, qanunvericilikdə boşluqlar və onların aradan qaldırılması üsulları, hüquqi aktların layihələrinin hazırlanması və normayaratma orqanına təqdim edilməsi, normayaratma texnikası və normativ hüquqi akt layihəsinin hazırlanmasına dair ümumi tələblər, normativ hüquqi akt layihəsinin məcburi hüquqi ekspertizasının, o cümlədən sui-istifadəyə məruz qalmasına dair ekspertizasının keçirilməsi qaydaları və nəticələrinin rəsmiləşdirilməsi, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması və ya ləğv edilməsi qaydaları, habelə normayaratma fəaliyyətindən irəli gələn digər məsələlər barədə ətraflı məlumat verilmiş, qeyd olunan mövzular üzrə geniş müzakirələr aparılmış, həmçinin normativ hüquqi aktın layihəsinin hazırlanması, məcburi hüquqi ekspertizasının aparılması, nöqsan və çatışmazlıqlarının aşkar edilməsi üzrə praktik iş yerinə yetirilmişdir.