Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi tərəfindən normayaratma fəaliyyəti və hüquq normalarının tətbiqi sahəsində mərkəzi icra hakimiyyəti orqanlarının və dövlətin hüquqi şəxslərinin əməkdaşlarına növbəti təlim keçirilib

16-10-2023 | 10:00 342

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 19 may tarixli 1685 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin Nizamnaməsi”nə uyğun olaraq HEQT Mərkəzi tərəfindən cari ilin 9 - 13 oktyabr tarixlərində 3 mərkəzi icra hakimiyyəti orqanının və 7 dövlətin hüquqi şəxsinin hüquq sahəsində fəaliyyət göstərən 17 əməkdaşına hüquqi biliklərinin və təcrübələrinin artırılması üçün normayaratma fəaliyyəti və hüquq normalarının tətbiqi sahəsində təlim keçirilmişdir.

Təlim ərzində normayaratma prosesində əsas xüsusatlar, hüquqi aktların növləri və qəbul edilmə xüsusiyyətləri, normativ hüquqi aktların kolliziyası, hüquqi boşluqlar və onların aradan qaldırılması üsulları, hüquqi aktların layihələrinin hazırlanması və normayaratma orqanına təqdim edilməsi, normayaratma texnikası və layihənin hazırlanmasına dair ümumi tələblər, normativ hüquqi akt layihəsinin məcburi hüquqi ekspertizasının, o cümlədən sui-istifadəyə məruz qalmasına dair ekspertizasının keçirilməsi qaydaları və nəticələrinin rəsmiləşdirilməsi, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması və ya ləğv edilməsi qaydaları və digər məsələlər barədə ətraflı məlumat verilmişdir. Təlimin sonuncu günü sözügedən mövzularla əlaqədar iştirakçılarla fikir mübadiləsi aparılmış, habelə normativ hüquqi aktın layihəsinin hazırlanması, məcburi hüquqi ekspertizasının aparılması, nöqsan və çatışmazlıqlarının aşkar edilməsi üzrə praktik iş yerinə yetirilmişdir.