Haqqında

Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi (HEQT Mərkəzi) Azərbaycan Respublikası Prezidentinin 19 may 2022-ci il tarixli 1685 nömrəli Fərmanı ilə yaradılmışdır. HEQT Mərkəzi normativ hüquqi aktların keyfiyyətinin artırılması, dövlət orqanları (qurumları) əməkdaşlarının hüquq normalarının tətbiqi sahəsində bilik, bacarıq və səriştələrinin inkişaf etdirilməsi, hüquqi maarifləndirmə, hüquqi ekspertizanın aparılması və hüquqi tənzimləmənin təsirinin qiymətləndirilməsi, habelə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla Azərbaycan Respublikasında hüquqi islahatların həyata keçirilməsinə dair təkliflər hazırlanması və bunlarla bağlı işlərin səmərəli əlaqələndirilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir.

Nizamnaməsinə uyğun olaraq HEQT Mərkəzinin fəaliyyət istiqamətləri aşağıdakılardan ibarətdir:

  • normativ hüquqi aktların, inkişaf konsepsiyalarının və məqsədli dövlət proqramlarının layihələrinin hazırlanması və hüquqi ekspertizasının aparılmasında iştirak etmək;

  • qanunvericiliyin inkişafında və təkmilləşdirilməsində iştirak etmək, o cümlədən hüquqi boşluqların və qanunvericilikdə kolliziyaların aşkar edilməsi və aradan qaldırılması üçün təkliflər vermək;

  • normayaratma fəaliyyətinin effektivliyinin artırılması məqsədilə mövcud normativ hüquqi bazanın monitorinqinin aparılmasında iştirak etmək;

  • normativ hüquqi tənzimləmənin təsirinin qiymətləndirilməsinin aparılmasında iştirak etmək;

  • normativ hüquqi aktların keyfiyyətinin artırılmasında iştirak etmək;
  • Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə və ya dövlət orqanlarının (qurumlarının) sifarişi əsasında, habelə öz təşəbbüsü ilə  hüquqi islahatlar aparılmasına dair təkliflər vermək;

  • hüquqi maarifləndirmə sahəsində tədbirlər görmək;

  • Nizamnaməsi ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək.

HEQT Mərkəzinin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti sədr də daxil olmaqla 5 üzvdən ibarət Müşahidə Şurası həyata keçirir. Müşahidə Şurasının tərkibinə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri (sədr olmaqla), Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi, Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinin müdiri və Azərbaycan Respublikası Milli Məclisi Aparatının rəhbəri daxildir.

HEQT Mərkəzinin fəaliyyətinə cari rəhbərliyi İcraçı direktor həyata keçirir.