Sual-cavab


QANUNVERİCİLİK SİSTEMİ VƏ NORMAYARATMA
1. Hüquqi aktları necə əldə etmək mümkündür?

Hüquqi aktları elektron formada “Hüquqi aktların vahid internet elektron bazası”ndan (www.e-qanun.az internet saytı vasitəsilə) əldə etmək olar.

2. Normativ hüquqi aktlar hansı vaxtdan qüvvəyə minir?

Qanunlar, fərmanlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda rəsmi dərc edildiyi gündən qüvvəyə minir. Digər normativ hüquqi aktlar isə, həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.

3. Normativ hüquqi aktların rəsmi dərci hansı qaydada həyata keçirilir?
Normativ hüquqi aktların rəsmi dərc edilməsi onların mətninin rəsmi dövri mətbu nəşrdə dərc edilməsi, rəsmi internet informasiya ehtiyatında (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) informasiya ehtiyatı) yerləşdirilməsi yolu ilə, ictimai radio və televiziya kanallarında səsləndirilməsi yolu ilə ümumi diqqətə çatdırılması yolu ilə həyata keçirilir. Qanunlar və fərmanlar Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalandıqdan sonra 72 saat müddətində, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları qəbul edildikdən sonra 72 saat müddətində rəsmi dərc edilir. Digər normativ hüquqi aktlar Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsindən sonra hökmən rəsmi dərc edilir.
4. Hansı normativ hüquqi aktlar dərc edilmir?
Normativ hüquqi aktların dövlət sirrini əks etdirən ayrı-ayrı müddəaları dərc edilmir. Ayrı-ayrı müddəaları dövlət sirrini əks etdirən normativ hüquqi aktlar istisna olmaqla natamam normativ hüquqi aktların dərc edilməsinə yol verilmir.
5. Normativ hüquqi aktların kolliziyası nədir və bu hansı qaydada aradan qaldırılır?
Normativ hüquqi aktların kolliziyası eyni ictimai münasibətləri tənzimləyən qüvvədə olan normativ hüquqi aktların ziddiyyətidir (uyğunsuzluğudur). Normativ hüquqi aktların kolliziyası normativ hüquqi aktın ləğv edilməsi, normativ hüquqi aktda dəyişikliklər edilməsi və ya normativ hüquqi aktların məcəllələşdirilməsi yolu ilə aradan qaldırılır.
6. Hüququn və ya qanunun analogiyası hansı hallarda tətbiq oluna bilməz?
Cinayət, inzibati xətalar və vergi qanunvericiliyində, məsuliyyətə cəlb olunma, hüquqların məhdudlaşdırılması və vəzifələrin müəyyən edilməsi hallarında, o cümlədən qanunvericilikdə boşluqlar zahiri xarakter daşıdıqda, normativ tənzimləmə zərurəti olmadıqda, normativ tənzimləmə qanunla qadağan olunduqda və normativ tənzimləmə mövcud olduqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilməz.
7. Hansı halda normativ hüquqi aktın geriyə qüvvəsinə yol verilir?
Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. Törədilməsi anında məsuliyyətə səbəb olmayan və ya daha yüngül məsuliyyətə səbəb olan əməllərə görə fiziki və hüquqi şəxslərin məsuliyyətinin yaranmasını və ya ağırlaşdırılmasını nəzərdə tutan normativ hüquqi aktın qüvvəsinin geriyə şamil edilməsinə yol verilmir.
8. Normativ hüquqi aktlar hansı qaydada rəsmi şərh edilir?
Normativ hüquqi aktın məzmununda qeyri-müəyyənliklər və fərqlər, habelə tətbiqi təcrübəsində ziddiyyətlər aşkar edildikdə həmin aktı qəbul etmiş normayaratma orqanı və ya Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi müvafiq normaları rəsmi şərh edir.
9. Normativ hüquqi aktların icrasına kim və hansı qaydada nəzarət edir?
Normativ hüquqi aktların icrasına nəzarət və yoxlanılması normayaratma orqanları (vəzifəli şəxslər) və müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş xüsusi orqanlar (şəxslər) tərəfindən həyata keçirilir. Normayaratma orqanları (vəzifəli şəxslər) və digər səlahiyyətli xüsusi orqanlar (şəxslər) normativ hüquqi aktların icrasına nəzarət və onun yoxlanılması, habelə müraciətlərin təhlili əsasında normativ hüquqi aktların qüvvədə olmasının keyfiyyətini, qanuniliyini və səmərəliliyini müəyyən edirlər.
VƏTƏNDAŞLARIN QANUNVERİCİLİK TƏŞƏBBÜSÜ HÜQUQU VƏ ONLARIN NORMAYATMA FƏALİYYƏTİNƏ CƏLB EDİLMƏSİ
1. Vətəndaşların qanunvericilik təşəbbüsü hüququ varmı?
Azərbaycan Respublikası Konstitusiyasının 96-cı maddəsinin I hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Milli Məclisində qanunvericilik təşəbbüsü hüququ ilə (qanun layihəsini və başqa məsələləri Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə təqdim etmək hüququ) Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşı çıxış edə bilər. Qeyd olunan sahədə münasibətlər “Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Link: https://e-qanun.az/framework/43753
2. Vətəndaşlar qanunvericilik təşəbbüsü hüququndan necə istifadə edə bilərlər?
Bunun üçün seçki hüququ olan ən azı 300 Azərbaycan Respublikasının vətəndaşı tərəfindən təşəbbüs qrupu yaradılmalı və bundan sonra bir ay ərzində təşəbbüs qrupunun və təklif olunan layihənin qeydiyyata alınması üçün ərizə ilə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına müraciət edilməlidir. Təşəbbüs qrupunun və təklif olunan layihənin qeydiyyata alındığı gündən iki ay ərzində təşəbbüs qrupunun üzvləri Azərbaycan Respublikasının seçki hüququ olan ən azı 40 min vətəndaşının imzasını toplamalıdırlar. İmzaların toplanması ən azı 60 seçki dairəsinin ərazisini əhatə etməli və hər seçki dairəsinin ərazisindən ən azı 500 imza toplanmalıdır.
3. Vətəndaşlar normativ hüquqi aktların hazırlanmasında hansı formada iştirak edə bilərlər?
Normayaratma orqanının qərarı ilə normativ hüquqi aktın layihəsi açıq (ictimai və ya peşəkar) müzakirəyə çıxarıla bilər. Azərbaycan Respublikası Milli Məclisinin internet saytında “Qanunvericilik” bölməsinin qanun layihələrinə dair müvafiq hissəsində qeydiyyatdan keçməklə layihələrin müzakirəsində iştirak etmək mümkündür. Link: www.meclis.gov.az Fiziki və hüquqi şəxslər normativ hüquqi aktın qəbul edilməsi ilə bağlı təkliflərini və ya normativ hüquqi aktın layihəsini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq səlahiyyətlərə malik olan dövlət orqanlarına təqdim edə bilərlər. Dövlət orqanları (qurumları) tərəfindən hazırlanmış normativ hüquqi akt layihələri (əldə olunması qanunla məhdudlaşdırılan informasiyaları əks etdirən layihələr istisna edilməklə) razılaşdırılmağa göndərildiyi andan Elektron Hökumət İnformasiya Sistemində, lisenziya və icazə verən orqanların hazırladığı sahibkarlıq sahəsinə aid normativ hüquqi aktların layihələri həmçinin “Lisenziyalar və icazələr” portalında yerləşdirilir. Vətəndaşlar həmin sistem və portal vasitəsi ilə normativ hüquqi akt layihələrinə dair təkliflərini verə bilərlər.
VƏTƏNDAŞLARIN QƏBULU VƏ ONLARIN DÖVLƏT ORQANLARINA (QURUMLARINA) MÜRACİƏTİ
1. Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin vəzifəli şəxslərinin qəbul günləri barədə necə məlumat almaq olar?
Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin internet saytının baş səhifəsinin “Əlaqə” bölməsi vasitəsilə Mərkəzin rəhbər vəzifəli şəxslərinin qəbul qrafiki barədə məlumatlarla tanış olmaq mümkündür. Link: http://heqt.gov.az/schedules.php?lang=az
2. Dövlət orqanlarına ( qurumlarına) necə müraciət edilir?
Azərbaycan Respublikasının vətəndaşları, həmçinin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qayda nəzərdə tutulmayıbsa, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər şəxsən və ya nümayəndə vasitəsilə yazılı (o cümlədən elektron) və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə müraciət edə bilərlər.
3. Elektron müraciət hansı qaydada edilir?
Elektron müraciət həmin müraciətə baxan subyektin və ya onun vəzifəli şəxsinin elektron ünvanına göndərilir və ya onun rəsmi internet saytına daxil edilir. Müraciətə baxan subyektin rəsmi internet saytına daxil edilən müraciətdə vətəndaşın elektron və ya poçt ünvanı göstərilməlidir.
4. Vətəndaşların müraciətlərinə hansı müddətə baxılır?
Vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır. Müraciətə baxılması üçün əlavə məlumatların əldə edilməsi və ya aidiyyəti üzrə sorğu göndərilməsi tələb edildikdə, müraciətə baxan subyektin vəzifəli şəxsinin müraciətə baxılması müddətini ən çoxu 30 iş günü uzatmaq hüququ vardır. Hərbi qulluqçuların və onların ailə üzvlərinin müraciətlərinə isə daxil olduğu gündən etibarən ən geci 15 iş günü ərzində baxılır. Əgər məlumatın verilməsi barədə müraciətə qeyd olunan müddətlərdə baxılması nəticəsində lazım olan məlumat öz əhəmiyyətini itirə bilərsə, həmin müraciətə dərhal, bu mümkün olmadıqda, müraciətin daxil olduğu andan 24 saat keçənədək baxılmalıdır.
5. Vətəndaşların müraciətləri hansı halda baxılmamış saxlanılır?
Vətəndaşın müraciəti aşağıdakı hallarda baxılmamış saxlanılır: - “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə uyğun olaraq müraciət həmin Qanunun tətbiq dairəsinə aid olmadıqda və həmin müraciətin edilməsi və ona baxılması üçün başqa qayda nəzərdə tutulduqda; -müraciət Qanunun 6.4-6.9-cu maddələrində göstərilən tələblərə cavab vermədikdə; - müraciətdə göstərilən məsələ ilə əlaqədar məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda; -vətəndaşın təkrar müraciətlərinə bir il ərzində 3 dəfə mahiyyəti üzrə əsaslandırılmış cavab verildikdə və təkrar müraciətdə məsələnin həlli üçün yeni məlumatlar olmadıqda; - müraciətdə göstərilən məsələnin həlli ilə əlaqədar əlavə məlumatların öyrənilməsi üçün aidiyyəti üzrə sorğu göndərilməsi mümkün olmadıqda və ya müraciətdə olan məlumatlar onun həlli və ya aidiyyəti üzrə göndərilməsi üçün kifayət etmədikdə; - müraciət etmiş şəxs müraciətə baxılmasının dayandırılması barədə ərizə ilə müraciət etdikdə. Link: https://e-qanun.az/framework/31281
İNFORMASİYA ƏLDƏ EDİLMƏSİ
1. İnformasiya sorğusu nədir və hansı informasiyaların əldə edilməsinə icazə verilir?
İnformasiya sorğusu informasiya əldə etmək üçün yazılı və ya şifahi müraciətdir. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, Azərbaycan Respublikasının siyasi, iqtisadi, hərbi, maliyyə-kredit və valyuta siyasəti sahələrində maraqlarının qorunması, ictimai qaydanın, sağlamlığın və mənəviyyatın mühafizəsi, digər şəxslərin hüquq və azadlıqlarının, kommersiya və digər iqtisadi maraqlarının qorunması, məhkəmənin nüfuzunun və qərəzsizliyinin, cinayət işləri üzrə ibtidai araşdırmanın normal gedişinin təmin edilməsi məqsədlərinə zidd olmayan informasiyaların əldə edilməsinə icazə verilir. Link: https://e-qanun.az/framework/11142
2. İnformasiya sorğusu hansı müddətə icra olunmalıdır ?
İnformasiya sorğusu ən qısa müddətdə, lakin 7 iş günündən gec olmayaraq icra edilir. Bu müddətdə həmin informasiya öz operativliyini itirərsə, sorğuya dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavab verilməlidir. Sorğunun cavablandırılması üçün əlavə araşdırmanın aparılması zərurəti olduqda bu müddət sorğuçuya 5 iş günü ərzində məlumat verilməklə əlavə 7 iş günü də uzadıla bilər. İnsan həyatı, sağlamlığı, yaxud şəxsin azadlığı üçün real təhlükə yarandığı hallarda axtarılması və hazırlanması müəyyən vaxt tələb edən informasiya 48 saat ərzində (istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü istisna olmaqla) təqdim edilir.
3. İnformasiya sorğunun icrasından hansı hallarda imtina edilir?
İnformasiya sahibi aşağıdakı hallarda sorğunun icrasından imtina edir: - sorğu əldə edilməsi qanunla məhdudlaşdırılan informasiyaya aid olduqda, yaxud sorğuçunun bu informasiyanı əldə etməyə səlahiyyəti çatmadıqda və ya Qanunla tələb edildiyi hallarda, sorğuçu şəxsiyyətini təsdiq edən sənəd təqdim etmədikdə; - informasiya sahibi sorğulanan informasiyaya malik olmadıqda və yaxud həmin informasiyanın sahibini müəyyənləşdirməkdə çətinlik çəkdikdə; - sorğuçunun hansı informasiyanı əldə etmək istədiyini aydınlaşdırmaq mümkün olmadıqda. İnformasiya sahibi aşağıdakı hallarda sorğunun icrasından imtina edə bilər: - sorğuçuya artıq belə bir informasiya verilibsə və sorğuda informasiyanı təkrar əldə etmək zərurəti əsaslandırılmayıbsa; - “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci və 9.3-cü maddələrində nəzərdə tutulan hüquqi və fiziki şəxslərdən sorğulanan informasiya Qanunun 9.1.2-ci və 9.3-cü maddələrində göstərilən vəzifələrin yerinə yetirilməsinə aid deyilsə; - sorğu edilən informasiyanın həcmi iri olduğundan sorğunun icrası informasiya sahibinin üzərinə qoyulmuş ictimai vəzifələrin yerinə yetirilməsinə ciddi maneə yaradırsa və ya əsassız böyük məsrəflərə səbəb olursa; - sorğunun icrasını bir dəfəyə təmin etmək mümkün deyilsə; - sorğunun icrası informasiyanın sistemləşdirilməsini, təhlil edilməsini və ya sənədləşdirilməsini tələb edirsə.
4. İnformasiya sorğusu hansı üsullarla təqdim oluna bilər?
Sorğuçu informasiya sahibinin vəzifəli şəxsinə bilavasitə və ya telefonla müraciət etmək yolu ilə şifahi, habelə sorğunu şəxsən təqdim etmək və ya informasiya sahibinə poçt, telefaks, yaxud elektron poçtla göndərmək yolu ilə yazılı qaydada informasiya sorğusu verə bilər.
5. İnformasiya sahibinin açıqlamalı olduğu məlumatları hansılardır?
Ümumiləşdirilmiş statistik məlumatlar, cinayətlərin və inzibati xətaların ümumiləşdirilmiş statistikası, ictimai funksiyaları yerinə yetirən hüquqi şəxslərin (o cümlədən publik hüquqi şəxslərin) fəaliyyətinə dair hesabatlar, onların gəlirləri və xərcləri barədə məlumatlar habelə “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsində nəzərdə tutulan digər informasiyalar açıqlanmalıdır.
İNZİBATİ İCRAAT
1. İnzibati şikayət nədir?
“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati şikayət hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir. Link: https://e-qanun.az/framework/11254
2. İnzibati icraat nədir?
İnzibati icraat fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir.
3. İnzibati icraat hansı müddətdə həyata keçirilir?
Səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir. İnzibati icraat üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunması üçün daha artıq müddət tələb olunduğu hallarda, inzibati icraatın müddəti inzibati orqan tərəfindən hər dəfə 30 gün olmaqla iki dəfə uzadıla bilər. İnzibati orqan tərəfindən müddətin uzadılması barədə maraqlı şəxsə məlumat verilir. Müddətin uzadılmasına səbəb olan hallar inzibati orqan tərəfindən inzibati aktda əsaslandırılır. İnzibati aktın qəbul edilməsi də daxil olmaqla hər bir halda inzibati icraatın ümumi müddəti 90 gündən çox ola bilməz.
4. İnzibati şikayət hansı müddətdə verilə bilər?
Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. İnzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. İnzibati aktdan şikayət verilməsi ilə bağlı müddət üzrlü səbəbdən buraxıldıqda, maraqlı şəxsin ərizəsinə əsasən şikayət instansiyası tərəfindən həmin müddət bərpa edilir. Müddətin buraxılması səbəbləri aradan qalxdığı vaxtdan ən geci 10 gün müddətində maraqlı şəxs buraxılmış müddətin bərpa olunmasına dair yazılı ərizə ilə inzibati orqana müraciət etməlidir. Ərizəyə müddətin buraxılması səbəbinin üzrlü olduğunu təsdiq edən sənədlər əlavə olunmalıdır.
5. İnzibati şikayətə hansı müddətdə baxılır?
Qanunda başqa müddət nəzərdə tutulmamışdırsa, şikayət instansiyası daxil olduğu gündən 1 ay müddətində inzibati şikayətə baxmağa və mahiyyəti üzrə qərar qəbul etməyə borcludur.
6. İnzibati şikayətin baxılmamış saxlanılmasının əsasları hansılardır?
Aşağıdakı hallarda inzibati şikayət baxılmamış saxlanılır: - “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsində nəzərdə tutulmuş inzibati şikayətin forma və məzmunu ilə bağlı tələblərə əməl olunmadıqda; - şikayətin predmeti üzrə digər səlahiyyətli inzibati orqanın və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda; - inzibati şikayətin verilməsi üçün qanunla müəyyən olunmuş müddət buraxıldıqda və buraxılmış müddət bərpa edilmədikdə; - şikayət maraqlı şəxsin və ya onun nümayəndəsinin ərizəsinə əsasən geri götürüldükdə.
İCTİMAİ İŞTİRAKÇILIQ
1. Dövlət orqanları (qurumları) yanında ictimai şuralar hansı məqsədlərlə yaradılır?
İctimai şuralar vətəndaşların dövlətin idarə olunmasında iştiraka cəlb edilməsi, dövlət orqanlarının (qurumlarının) fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi, həmçinin fəaliyyətində aşkarlığın və şəffaflığın təmin olunması, onlarla ictimaiyyət arasında səmərəli qarşılıqlı fəaliyyətin təşkili, dövlət idarəçiliyinin həyata keçirilməsi zamanı ictimai rəyin və vətəndaşların qanuni maraqlarının nəzərə alınması, habelə əsas insan və vətəndaş hüquqlarının müdafiəsi məqsədilə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və yerli özünüidarəetmə orqanlarının yanında məşvərətçi qurum olaraq yaradılır.
2. Dövlət orqanlarının (qurumlarının) yanında ictimai şuralarda necə iştirak etmək olar?
Azərbaycan Respublikasının 16 yaşına çatmış hər bir vətəndaşı ictimai şuranın üzvü ola bilər. Üzvlərin seçilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə” ilə tənzimlənir. Mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları rəsmi internet səhifəsi ilə və ya mövcud olan digər vasitələrlə (media, məlumat lövhəsi və s.) ictimai şuraya namizədlərin irəli sürülməsi, qeydiyyatının başlanılması və başa çatması vaxtını elan edirlər.