Question-answer


QANUNVERİCİLİK SİSTEMİ VƏ NORMAYARATMA
1. Hüquqi aktları necə əldə etmək mümkündür?

Hüquqi aktları elektron formada “Hüquqi aktların vahid internet elektron bazası”ndan (www.e-qanun.az internet saytı vasitəsilə) əldə etmək olar.

2. Normativ hüquqi aktlar hansı vaxtdan qüvvəyə minir?

Qanunlar, fərmanlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda rəsmi dərc edildiyi gündən qüvvəyə minir. Digər normativ hüquqi aktlar isə, həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.

3. Normativ hüquqi aktların rəsmi dərci hansı qaydada həyata keçirilir?
Normativ hüquqi aktların rəsmi dərc edilməsi onların mətninin rəsmi dövri mətbu nəşrdə dərc edilməsi, rəsmi internet informasiya ehtiyatında (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) informasiya ehtiyatı) yerləşdirilməsi yolu ilə, ictimai radio və televiziya kanallarında səsləndirilməsi yolu ilə ümumi diqqətə çatdırılması yolu ilə həyata keçirilir. Qanunlar və fərmanlar Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalandıqdan sonra 72 saat müddətində, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları qəbul edildikdən sonra 72 saat müddətində rəsmi dərc edilir. Digər normativ hüquqi aktlar Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsindən sonra hökmən rəsmi dərc edilir.
4. Hansı normativ hüquqi aktlar dərc edilmir?
Normativ hüquqi aktların dövlət sirrini əks etdirən ayrı-ayrı müddəaları dərc edilmir. Ayrı-ayrı müddəaları dövlət sirrini əks etdirən normativ hüquqi aktlar istisna olmaqla natamam normativ hüquqi aktların dərc edilməsinə yol verilmir.
5. Normativ hüquqi aktların kolliziyası nədir və bu hansı qaydada aradan qaldırılır?
Normativ hüquqi aktların kolliziyası eyni ictimai münasibətləri tənzimləyən qüvvədə olan normativ hüquqi aktların ziddiyyətidir (uyğunsuzluğudur). Normativ hüquqi aktların kolliziyası normativ hüquqi aktın ləğv edilməsi, normativ hüquqi aktda dəyişikliklər edilməsi və ya normativ hüquqi aktların məcəllələşdirilməsi yolu ilə aradan qaldırılır.
6. Hüququn və ya qanunun analogiyası hansı hallarda tətbiq oluna bilməz?
Cinayət, inzibati xətalar və vergi qanunvericiliyində, məsuliyyətə cəlb olunma, hüquqların məhdudlaşdırılması və vəzifələrin müəyyən edilməsi hallarında, o cümlədən qanunvericilikdə boşluqlar zahiri xarakter daşıdıqda, normativ tənzimləmə zərurəti olmadıqda, normativ tənzimləmə qanunla qadağan olunduqda və normativ tənzimləmə mövcud olduqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilməz.
7. Hansı halda normativ hüquqi aktın geriyə qüvvəsinə yol verilir?
Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. Törədilməsi anında məsuliyyətə səbəb olmayan və ya daha yüngül məsuliyyətə səbəb olan əməllərə görə fiziki və hüquqi şəxslərin məsuliyyətinin yaranmasını və ya ağırlaşdırılmasını nəzərdə tutan normativ hüquqi aktın qüvvəsinin geriyə şamil edilməsinə yol verilmir.
8. Normativ hüquqi aktlar hansı qaydada rəsmi şərh edilir?
Normativ hüquqi aktın məzmununda qeyri-müəyyənliklər və fərqlər, habelə tətbiqi təcrübəsində ziddiyyətlər aşkar edildikdə həmin aktı qəbul etmiş normayaratma orqanı və ya Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi müvafiq normaları rəsmi şərh edir.
9. Normativ hüquqi aktların icrasına kim və hansı qaydada nəzarət edir?
Normativ hüquqi aktların icrasına nəzarət və yoxlanılması normayaratma orqanları (vəzifəli şəxslər) və müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş xüsusi orqanlar (şəxslər) tərəfindən həyata keçirilir. Normayaratma orqanları (vəzifəli şəxslər) və digər səlahiyyətli xüsusi orqanlar (şəxslər) normativ hüquqi aktların icrasına nəzarət və onun yoxlanılması, habelə müraciətlərin təhlili əsasında normativ hüquqi aktların qüvvədə olmasının keyfiyyətini, qanuniliyini və səmərəliliyini müəyyən edirlər.
10. Qeyri-normativ hüquqi aktlara hansı aktlar daxildir?

Qeyri-normativ hüquqi aktlara Azərbaycan Respublikası Milli Məclisinin qərarları, Azərbaycan Respublikası Prezidentinin sərəncamları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamları, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını həyata keçirən orqanların aktları, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.1-ci maddəsinə uyğun olaraq qeyri-normativ hesab edilən digər hüquqi aktlar.

11. Müvafiq normativ hüquqi aktları qəbul etmiş dövlət orqanının statusunun sonradan dəyişdirilməsi əvvəllər qəbul edilmiş normativ hüquqi aktların qüvvəsini dəyişirmi?

Müvafiq normativ hüquqi aktları qəbul edən dövlət orqanının statusunun dəyişdirilməsi əvvəllər qəbul edilmiş normativ hüquqi aktların qüvvəsinin itirilməsinə səbəb olmur.

12. Azərbaycan Respublikası Milli Məclisi və Azərbaycan Respublikası Prezidenti tərəfindən normativ hüquqi aktlar hansı formada qəbul edilir?

Azərbaycan Respublikası Konstitusiyasının 93-cü maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Milli Məclisinin normativ hüquqi aktları qanunlar, Azərbaycan Respublikası Konstitusiyasının 113-cü maddəsinə uyğun olaraq isə, Azərbaycan Respublikası Prezidentinin normativ hüquqi aktları fərman formasında qəbul edilir.

13. Azərbaycan Respublikasında beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normaları tanınırmı?

Azərbaycan Respublikası beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarının üstünlüyünü tanıyır və Azərbaycan Respublikası qanunvericiliyinin onlara uyğunluğunu təmin edir.

14. Normativ hüquqi aktın adı ilə bağlı hansı tələblər mövcuddur?

Normativ hüquqi aktın (onun struktur elementinin) adı yığcam olmalı, aydın ifadə edilməli və həmin aktın (struktur elementinin) əsas mahiyyətini əks etdirməlidir.

15. Normativ hüquqi aktın struktur elementləri hansılardır?

Normativ hüquqi aktın struktur elementləri preambuladan, bölmədən, fəsildən, maddədən, hissədən, bənddən, yarımbənddən və abzasdan ibarətdir.

16. Normativ hüquqi aktın struktur elementlərində həmin aktın başqa struktur elementlərinə hansı halda istinad edilə bilər?

Hüquq normaları arasında qarşılıqlı əlaqəni pozmamaq və ya təkrarlara yol verməmək zərurəti olduğu hallarda normativ hüquqi aktın struktur elementlərində həmin aktın başqa struktur elementlərinə istinad edilə bilər.

17. Dövlət proqramlarının və normativ hüquqi aktların layihələrinin hazırlanması planlarının həyata keçirilməsinə kimlər nəzarət edir?

Dövlət proqramlarının və normativ hüquqi aktların layihələrinin hazırlanması planlarının həyata keçirilməsinə onları təsdiq etmiş normayaratma orqanları nəzarət edirlər.

18. Normativ hüquqi aktın mətni hansı qaydada tərtib edilir?

Normativ hüquqi aktın mətni lakonik formada, normaların ziddiyyətli təfsirini istisna edən sadə və aydın dildə, Azərbaycan ədəbi dilinin və hüquq terminologiyasının rəsmi-işgüzar üslubuna əməl etməklə tərtib edilir.

VƏTƏNDAŞLARIN QANUNVERİCİLİK TƏŞƏBBÜSÜ HÜQUQU VƏ ONLARIN NORMAYARATMA FƏALİYYƏTİNƏ CƏLB EDİLMƏSİ
1. Vətəndaşların qanunvericilik təşəbbüsü hüququ varmı?
Azərbaycan Respublikası Konstitusiyasının 96-cı maddəsinin I hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Milli Məclisində qanunvericilik təşəbbüsü hüququ ilə (qanun layihəsini və başqa məsələləri Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə təqdim etmək hüququ) Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşı çıxış edə bilər. Qeyd olunan sahədə münasibətlər “Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Link: https://e-qanun.az/framework/43753
2. Vətəndaşlar qanunvericilik təşəbbüsü hüququndan necə istifadə edə bilərlər?

Bunun üçün seçki hüququ olan ən azı 300 Azərbaycan Respublikasının vətəndaşı tərəfindən təşəbbüs qrupu yaradılmalı və bundan sonra bir ay ərzində təşəbbüs qrupunun və təklif olunan layihənin qeydiyyata alınması üçün ərizə ilə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına müraciət edilməlidir. Təşəbbüs qrupunun və təklif olunan layihənin qeydiyyata alındığı gündən iki ay ərzində təşəbbüs qrupunun üzvləri Azərbaycan Respublikasının seçki hüququ olan ən azı 40 min vətəndaşının imzasını toplamalıdırlar. İmzaların toplanması ən azı 60 seçki dairəsinin ərazisini əhatə etməli və hər seçki dairəsinin ərazisindən ən azı 500 imza toplanmalıdır.

3. Vətəndaşlar normativ hüquqi aktların hazırlanmasında hansı formada iştirak edə bilərlər?
Normayaratma orqanının qərarı ilə normativ hüquqi aktın layihəsi açıq (ictimai və ya peşəkar) müzakirəyə çıxarıla bilər. Azərbaycan Respublikası Milli Məclisinin internet saytında “Qanunvericilik” bölməsinin qanun layihələrinə dair müvafiq hissəsində qeydiyyatdan keçməklə layihələrin müzakirəsində iştirak etmək mümkündür. Link: www.meclis.gov.az Fiziki və hüquqi şəxslər normativ hüquqi aktın qəbul edilməsi ilə bağlı təkliflərini və ya normativ hüquqi aktın layihəsini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq səlahiyyətlərə malik olan dövlət orqanlarına təqdim edə bilərlər. Dövlət orqanları (qurumları) tərəfindən hazırlanmış normativ hüquqi akt layihələri (əldə olunması qanunla məhdudlaşdırılan informasiyaları əks etdirən layihələr istisna edilməklə) razılaşdırılmağa göndərildiyi andan Elektron Hökumət İnformasiya Sistemində, lisenziya və icazə verən orqanların hazırladığı sahibkarlıq sahəsinə aid normativ hüquqi aktların layihələri həmçinin “Lisenziyalar və icazələr” portalında yerləşdirilir. Vətəndaşlar həmin sistem və portal vasitəsi ilə normativ hüquqi akt layihələrinə dair təkliflərini verə bilərlər.
4. Qanun (qərar) layihəsini Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə təqdim etmək təklifi ilə çıxış edən vətəndaşların qanunvericilik təşəbbüsü hüququndan istifadə ilə bağlı təşəbbüs qrupu necə yaradılır?

Vətəndaşların qanunvericilik təşəbbüsü hüququndan istifadə ilə bağlı təşəbbüs qrupu seçki hüququ olan ən azı 300 nəfər Azərbaycan Respublikasının vətəndaşı tərəfindən yaradılır.

5. Vətəndaşların qanunvericilik təşəbbüsü hüququndan istifadə ilə bağlı təşəbbüs qrupunun iclası nə vaxt səlahiyyətli hesab edilir?

Təşəbbüs qrupunun iclası onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir.

6. Layihənin dəstəklənməsi üçün hansı sayda vətəndaşların imzaları toplanmalıdır?

Layihənin dəstəklənməsi üçün təşəbbüs qrupunun üzvləri Azərbaycan Respublikasının seçki hüququ olan ən azı 40 min vətəndaşının imzasını toplamalıdırlar.

7. Vətəndaşların qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə təqdim olunmuş layihə geri çağırıla bilərmi?

Vətəndaşların qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə təqdim olunmuş layihə yekun oxunuşda baxılana qədər təşəbbüs qrupunun iclasında üzvlərinin üçdə iki səs çoxluğu ilə qəbul edilmiş qərar əsasında geri çağırıla bilər.

VƏTƏNDAŞLARIN QƏBULU VƏ ONLARIN DÖVLƏT ORQANLARINA (QURUMLARINA) MÜRACİƏTİ
1. Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin vəzifəli şəxslərinin qəbul günləri barədə necə məlumat almaq olar?

Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin internet saytının baş səhifəsinin “Əlaqə” bölməsi vasitəsilə Mərkəzin rəhbər vəzifəli şəxslərinin qəbul qrafiki barədə məlumatlarla tanış olmaq mümkündür. Link: http://heqt.gov.az/schedules.php?lang=az

2. Dövlət orqanlarına ( qurumlarına) necə müraciət edilir?

Azərbaycan Respublikasının vətəndaşları, həmçinin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qayda nəzərdə tutulmayıbsa, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər şəxsən və ya nümayəndə vasitəsilə yazılı (o cümlədən elektron) və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə müraciət edə bilərlər.

3. Elektron müraciət hansı qaydada edilir?
Elektron müraciət həmin müraciətə baxan subyektin və ya onun vəzifəli şəxsinin elektron ünvanına göndərilir və ya onun rəsmi internet saytına daxil edilir. Müraciətə baxan subyektin rəsmi internet saytına daxil edilən müraciətdə vətəndaşın elektron və ya poçt ünvanı göstərilməlidir.
4. Vətəndaşların müraciətlərinə hansı müddətə baxılır?
Vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır. Müraciətə baxılması üçün əlavə məlumatların əldə edilməsi və ya aidiyyəti üzrə sorğu göndərilməsi tələb edildikdə, müraciətə baxan subyektin vəzifəli şəxsinin müraciətə baxılması müddətini ən çoxu 30 iş günü uzatmaq hüququ vardır. Hərbi qulluqçuların və onların ailə üzvlərinin müraciətlərinə isə daxil olduğu gündən etibarən ən geci 15 iş günü ərzində baxılır. Əgər məlumatın verilməsi barədə müraciətə qeyd olunan müddətlərdə baxılması nəticəsində lazım olan məlumat öz əhəmiyyətini itirə bilərsə, həmin müraciətə dərhal, bu mümkün olmadıqda, müraciətin daxil olduğu andan 24 saat keçənədək baxılmalıdır.
5. Vətəndaşların müraciətləri hansı halda baxılmamış saxlanılır?
Vətəndaşın müraciəti aşağıdakı hallarda baxılmamış saxlanılır: - “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə uyğun olaraq müraciət həmin Qanunun tətbiq dairəsinə aid olmadıqda və həmin müraciətin edilməsi və ona baxılması üçün başqa qayda nəzərdə tutulduqda; -müraciət Qanunun 6.4-6.9-cu maddələrində göstərilən tələblərə cavab vermədikdə; - müraciətdə göstərilən məsələ ilə əlaqədar məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda; -vətəndaşın təkrar müraciətlərinə bir il ərzində 3 dəfə mahiyyəti üzrə əsaslandırılmış cavab verildikdə və təkrar müraciətdə məsələnin həlli üçün yeni məlumatlar olmadıqda; - müraciətdə göstərilən məsələnin həlli ilə əlaqədar əlavə məlumatların öyrənilməsi üçün aidiyyəti üzrə sorğu göndərilməsi mümkün olmadıqda və ya müraciətdə olan məlumatlar onun həlli və ya aidiyyəti üzrə göndərilməsi üçün kifayət etmədikdə; - müraciət etmiş şəxs müraciətə baxılmasının dayandırılması barədə ərizə ilə müraciət etdikdə. Link: https://e-qanun.az/framework/31281
İNFORMASİYA ƏLDƏ EDİLMƏSİ
1. İnformasiya sorğusu nədir və hansı informasiyaların əldə edilməsinə icazə verilir?
İnformasiya sorğusu informasiya əldə etmək üçün yazılı və ya şifahi müraciətdir. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, Azərbaycan Respublikasının siyasi, iqtisadi, hərbi, maliyyə-kredit və valyuta siyasəti sahələrində maraqlarının qorunması, ictimai qaydanın, sağlamlığın və mənəviyyatın mühafizəsi, digər şəxslərin hüquq və azadlıqlarının, kommersiya və digər iqtisadi maraqlarının qorunması, məhkəmənin nüfuzunun və qərəzsizliyinin, cinayət işləri üzrə ibtidai araşdırmanın normal gedişinin təmin edilməsi məqsədlərinə zidd olmayan informasiyaların əldə edilməsinə icazə verilir. Link: https://e-qanun.az/framework/11142
2. İnformasiya sorğusu hansı müddətə icra olunmalıdır ?
İnformasiya sorğusu ən qısa müddətdə, lakin 7 iş günündən gec olmayaraq icra edilir. Bu müddətdə həmin informasiya öz operativliyini itirərsə, sorğuya dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavab verilməlidir. Sorğunun cavablandırılması üçün əlavə araşdırmanın aparılması zərurəti olduqda bu müddət sorğuçuya 5 iş günü ərzində məlumat verilməklə əlavə 7 iş günü də uzadıla bilər. İnsan həyatı, sağlamlığı, yaxud şəxsin azadlığı üçün real təhlükə yarandığı hallarda axtarılması və hazırlanması müəyyən vaxt tələb edən informasiya 48 saat ərzində (istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü istisna olmaqla) təqdim edilir.
3. İnformasiya sorğunun icrasından hansı hallarda imtina edilir?
İnformasiya sahibi aşağıdakı hallarda sorğunun icrasından imtina edir: - sorğu əldə edilməsi qanunla məhdudlaşdırılan informasiyaya aid olduqda, yaxud sorğuçunun bu informasiyanı əldə etməyə səlahiyyəti çatmadıqda və ya Qanunla tələb edildiyi hallarda, sorğuçu şəxsiyyətini təsdiq edən sənəd təqdim etmədikdə; - informasiya sahibi sorğulanan informasiyaya malik olmadıqda və yaxud həmin informasiyanın sahibini müəyyənləşdirməkdə çətinlik çəkdikdə; - sorğuçunun hansı informasiyanı əldə etmək istədiyini aydınlaşdırmaq mümkün olmadıqda. İnformasiya sahibi aşağıdakı hallarda sorğunun icrasından imtina edə bilər: - sorğuçuya artıq belə bir informasiya verilibsə və sorğuda informasiyanı təkrar əldə etmək zərurəti əsaslandırılmayıbsa; - “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci və 9.3-cü maddələrində nəzərdə tutulan hüquqi və fiziki şəxslərdən sorğulanan informasiya Qanunun 9.1.2-ci və 9.3-cü maddələrində göstərilən vəzifələrin yerinə yetirilməsinə aid deyilsə; - sorğu edilən informasiyanın həcmi iri olduğundan sorğunun icrası informasiya sahibinin üzərinə qoyulmuş ictimai vəzifələrin yerinə yetirilməsinə ciddi maneə yaradırsa və ya əsassız böyük məsrəflərə səbəb olursa; - sorğunun icrasını bir dəfəyə təmin etmək mümkün deyilsə; - sorğunun icrası informasiyanın sistemləşdirilməsini, təhlil edilməsini və ya sənədləşdirilməsini tələb edirsə.
4. İnformasiya sorğusu hansı üsullarla təqdim oluna bilər?
Sorğuçu informasiya sahibinin vəzifəli şəxsinə bilavasitə və ya telefonla müraciət etmək yolu ilə şifahi, habelə sorğunu şəxsən təqdim etmək və ya informasiya sahibinə poçt, telefaks, yaxud elektron poçtla göndərmək yolu ilə yazılı qaydada informasiya sorğusu verə bilər.
5. İnformasiya sahibinin açıqlamalı olduğu məlumatları hansılardır?
Ümumiləşdirilmiş statistik məlumatlar, cinayətlərin və inzibati xətaların ümumiləşdirilmiş statistikası, ictimai funksiyaları yerinə yetirən hüquqi şəxslərin (o cümlədən publik hüquqi şəxslərin) fəaliyyətinə dair hesabatlar, onların gəlirləri və xərcləri barədə məlumatlar habelə “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsində nəzərdə tutulan digər informasiyalar açıqlanmalıdır.
6. İctimai informasiya nədir?

İctimai informasiya qanunlarla və ya digər normativ hüquqi aktlarla müəyyənləşdirilən ictimai vəzifələrin yerinə yetirilməsi prosesində yaradılan və ya əldə edilən faktlar, rəylər, bilgilərdir.

7. Hansı informasiyalar sənədləşdirilmiş informasiya hesab olunur?

Maddi daşıyıcıda mətn, səs və ya təsvir formasında qeydə alınan və identikləşdirməyə imkan verən istənilən rekvizitli informasiya mənbəyindən, saxlanma yerindən, rəsmi statusundan, mülkiyyət növündən, mənsub olduğu təşkilat tərəfindən yaradılıb-yaradılmadığından asılı olmayaraq sənədləşdirilmiş informasiya hesab olunur.

8. İnformasiya sorğusu hansı hallarda qeydə alınmır və ona yazılı cavab verilmir?

İnformasiya sorğusu anonimdirsə və ya şifahi formada verilmişdirsə, qeydə alınmır və ona yazılı cavab verilmir.

9. Hansı informasiyalar açıq informasiyalar sayılır?

Azərbaycan Respublikasının qanunu ilə əldə olunması məhdudlaşdırılmayan informasiyalar açıq informasiyalar sayılır.

İNZİBATİ İCRAAT
1. İnzibati şikayət nədir?
“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati şikayət hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir. Link: https://e-qanun.az/framework/11254
2. İnzibati icraat nədir?
İnzibati icraat fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir.
3. İnzibati icraat hansı müddətdə həyata keçirilir?
Səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir. İnzibati icraat üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunması üçün daha artıq müddət tələb olunduğu hallarda, inzibati icraatın müddəti inzibati orqan tərəfindən hər dəfə 30 gün olmaqla iki dəfə uzadıla bilər. İnzibati orqan tərəfindən müddətin uzadılması barədə maraqlı şəxsə məlumat verilir. Müddətin uzadılmasına səbəb olan hallar inzibati orqan tərəfindən inzibati aktda əsaslandırılır. İnzibati aktın qəbul edilməsi də daxil olmaqla hər bir halda inzibati icraatın ümumi müddəti 90 gündən çox ola bilməz.
4. İnzibati şikayət hansı müddətdə verilə bilər?
Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. İnzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. İnzibati aktdan şikayət verilməsi ilə bağlı müddət üzrlü səbəbdən buraxıldıqda, maraqlı şəxsin ərizəsinə əsasən şikayət instansiyası tərəfindən həmin müddət bərpa edilir. Müddətin buraxılması səbəbləri aradan qalxdığı vaxtdan ən geci 10 gün müddətində maraqlı şəxs buraxılmış müddətin bərpa olunmasına dair yazılı ərizə ilə inzibati orqana müraciət etməlidir. Ərizəyə müddətin buraxılması səbəbinin üzrlü olduğunu təsdiq edən sənədlər əlavə olunmalıdır.
5. İnzibati şikayətə hansı müddətdə baxılır?
Qanunda başqa müddət nəzərdə tutulmamışdırsa, şikayət instansiyası daxil olduğu gündən 1 ay müddətində inzibati şikayətə baxmağa və mahiyyəti üzrə qərar qəbul etməyə borcludur.
6. İnzibati şikayətin baxılmamış saxlanılmasının əsasları hansılardır?
Aşağıdakı hallarda inzibati şikayət baxılmamış saxlanılır: - “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsində nəzərdə tutulmuş inzibati şikayətin forma və məzmunu ilə bağlı tələblərə əməl olunmadıqda; - şikayətin predmeti üzrə digər səlahiyyətli inzibati orqanın və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda; - inzibati şikayətin verilməsi üçün qanunla müəyyən olunmuş müddət buraxıldıqda və buraxılmış müddət bərpa edilmədikdə; - şikayət maraqlı şəxsin və ya onun nümayəndəsinin ərizəsinə əsasən geri götürüldükdə.
7. Əlverişli inzibati akt nədir?

Əlverişli inzibati akt maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır.

8. İnzibati orqan hansı hallarda hüquqi yardım göstərməkdən imtina edə bilər?

Hüquqi yardım qaydasında tələb olunan tədbirlərin həyata keçirilməsi onun qanunvericiliklə müəyyən olunmuş səlahiyyətlərinə aid olmadıqda, hüquqi yardım qaydasında həyata keçirilməsi zəruri olan tədbirlər hüquqazidd olduqda, hüquqi yardımın göstərilməsi onun öz funksional vəzifələrinin yerinə yetirməsinə əhəmiyyətli dərəcədə mane olduqda, hüquqi yardım qaydasında tələb olunan sənədlər və (və ya) məlumatlar qanunla qorunan bu və ya digər sirri təşkil etdikdə.

9. İnzibati orqan diskresion səlahiyyətlərini hansı qaydada həyata keçirməlidir?

İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz.

10. Hansı halda vəzifəli şəxs inzibati icraatda iştirak edə bilməz?

İşin nəticəsində marağı olan vəzifəli şəxs inzibati icraatda iştirak edə bilməz.

11. İnzibati icraatın başlanılması üçün əsaslar nələrdir?

Fiziki və ya hüquqi şəxsin ərizəsi, inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi, inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət.

12. İnzibati icraatın iştirakçıları kimlərdir?

İnzibati icraatı həyata keçirən və müvafiq inzibati aktı qəbul etmək səlahiyyəti olan inzibati orqan, barələrində inzibati aktın qəbul edilməsi nəzərdə tutulan və ya inzibati aktın qəbul edilməsi haqqında ərizə ilə müraciət etmiş fiziki və ya hüquqi şəxslər,  inzibati orqan tərəfindən iştirakçı kimi icraata cəlb olunmuş fiziki və ya hüquqi şəxslər.

13. Fiziki şəxs inzibati icraatda nümayəndə vasitəsilə təmsil oluna bilərmi?

Fiziki şəxs inzibati icraatda şəxsən iştirak edə bilər və yaxud nümayəndə vasitəsilə təmsil oluna bilər.

14. Şəxsin inzibati icraatda şəxsən iştirakı onu həmin iş üzrə nümayəndə ilə təmsil olunmaq hüququndan məhrum edirmi?

Şəxsin inzibati icraatda şəxsən iştirakı onu həmin iş üzrə nümayəndə ilə təmsil olunmaq hüququndan məhrum etmir.

15. Fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli sayılmış fiziki şəxsləri inzibati icraatda kimlər təmsil edirlər?

Fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli sayılmış fiziki şəxsləri inzibati icraatda onların qanuni nümayəndələri təmsil edirlər. Qanuni nümayəndələr inzibati orqana öz səlahiyyətlərini təsdiq edən sənədi təqdim etməlidirlər.

İCTİMAİ İŞTİRAKÇILIQ
1. Dövlət orqanları (qurumları) yanında ictimai şuralar hansı məqsədlərlə yaradılır?
İctimai şuralar vətəndaşların dövlətin idarə olunmasında iştiraka cəlb edilməsi, dövlət orqanlarının (qurumlarının) fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi, həmçinin fəaliyyətində aşkarlığın və şəffaflığın təmin olunması, onlarla ictimaiyyət arasında səmərəli qarşılıqlı fəaliyyətin təşkili, dövlət idarəçiliyinin həyata keçirilməsi zamanı ictimai rəyin və vətəndaşların qanuni maraqlarının nəzərə alınması, habelə əsas insan və vətəndaş hüquqlarının müdafiəsi məqsədilə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və yerli özünüidarəetmə orqanlarının yanında məşvərətçi qurum olaraq yaradılır.
2. Dövlət orqanlarının (qurumlarının) yanında ictimai şuralarda necə iştirak etmək olar?

Azərbaycan Respublikasının 16 yaşına çatmış hər bir vətəndaşı ictimai şuranın üzvü ola bilər. Üzvlərin seçilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə” ilə tənzimlənir. Mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları rəsmi internet səhifəsi ilə və ya mövcud olan digər vasitələrlə (media, məlumat lövhəsi və s.) ictimai şuraya namizədlərin irəli sürülməsi, qeydiyyatının başlanılması və başa çatması vaxtını elan edirlər.

3. İctimai dinləmə nədir?

Hüquqi aktların layihələrinə, dövlət və cəmiyyətin həyatının ayrı-ayrı məsələlərinə dair ictimaiyyətlə məsləhətləşmələrin keçirilməsi və vətəndaşların məlumatlandırılması üçün aidiyyəti dövlət və yerli özünüidarəetmə orqanlarının səlahiyyətli nümayəndələrinin, hüquqi şəxslər və  vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin, ayrı-ayrı vətəndaşların, mütəxəssis və ekspertlərin iştirakı ilə təşkil olunan yığıncaqdır.

4. İctimai iştirakçılığın hansı formaları var?

İctimai iştirakçılığın formalarına  ictimai şura, ictimai müzakirə, ictimai dinləmə, ictimai rəyin öyrənilməsi, hüquqi aktların layihələrinin ictimai müzakirəsi, yazılı məsləhətləşmə aiddir.

5. İctimai şuranın səlahiyyət müddəti nə qədərdir?

İctimai şuranın səlahiyyət müddəti iki ildir.

6. Azərbaycan Respublikasının Konstitusiyasının 96-cı maddəsinin I hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilən qanun layihələrinə dair ictimai dinləmə və ictimai müzakirə hansı orqan tərəfindən təşkil edilir?

Qanun layihələrinə dair ictimai dinləmə və ictimai müzakirə Azərbaycan Respublikası Milli Məclisinin Aparatı tərəfindən təşkil edilir.

MEDİASİYA
1. Mediasiya nədir?

Mediasiya mediatorun (mediatorların) vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunan prosesdir.

2. Hansı mübahisələr üzrə mediasiya prosesi tətbiq edilir?

Mediasiya prosesi aşağıdakı mübahisələr üzrə tətbiq edilir:

  • Mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla);
  • ailə münasibətlərindən irəli gələn mübahisələr;
  • əmək münasibətlərindən irəli gələn mübahisələr;
  • inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr.
3. Mediasiya prosesi məcburidir?

Mediasiya prosesi ümumilikdə könüllülük prinsipi əsasında həyata keçirilir. Lakin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə “Mediasiya haqqında” Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur.

Qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən  tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. Həmin sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır.

4. Mediasiya prosesi ödənişlidir?

Mediator və ya mediasiya təşkilatı mediasiyanı ödənişli əsaslarla həyata keçirir. Mediator və ya mediasiya təşkilatı öz razılığı ilə mediasiyanı ödənişsiz əsaslarla da həyata keçirə bilər.

5. Mediasiya prosesinə dair xərclərə nələr daxildir?

Mediasiya prosesinə dair xərclərə aşağıdakılar daxildir:

  • mediatora və ya mediasiya təşkilatına ödənilən haqq, o cümlədən mübahisə mediasiya vasitəsilə müsbət həll olunduqda mediatora və ya mediasiya təşkilatına ödənilən mükafat;
  • mediasiyanın keçirilməsi ilə əlaqədar mediatorun və ya mediasiya təşkilatının çəkdiyi xərclər, o cümlədən mübahisənin baxıldığı yerə getmək üçün yol, yaşayış və yemək xərcləri daxildir.

Ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr ilə əlaqədar ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 iyul tarixli 308 nömrəli Qərarı ilə müəyyən edilmişdir.

Mediator və ya mediasiya təşkilatı ilə tərəflər arasında bağlanan mediasiya xidmətlərinin göstərilməsinə dair müqavilədə mübahisə mediasiya vasitəsilə müsbət həll olunduqda mediatora və ya mediasiya təşkilatına mükafatın ödənilməsi ilə bağlı şərt nəzərdə tutula bilər.

6. Mediasiya xərclərini kim ödəyir?

“Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür.

Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

Mediator onun qərəzsizliyinə mane olan şərtlər səbəbindən mediasiyanın keçirilməsindən imtina edərsə, tərəflərin ödədiyi məbləği (faktiki çəkilmiş xərclər çıxılmaqla) geri qaytarmalıdır.

7. Mediasiya xərcləri dövlət büdcəsi vəsaiti hesabına ödənilə bilərmi?

Mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan hər hansı tərəfin mediasiya xərclərinin ödənilməsi dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir.

Mediasiya xərclərinin dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 avqust tarixli 360 nömrəli Qərarı ilə müəyyən edilmişdir.

8. Mediasiya prosesi hansı qaydada keçirilir?

Mediasiya danışıqlar şəraitində həyata keçirilir və aşağıdakı mərhələlərdən ibarətdir:

- mediasiya prosesinə hazırlıq;

- mediasiya prosesinin başlanılması;

- tərəflərin mübahisənin mahiyyətini açıqlaması;

- tərəflərin hər biri ilə ayrı-ayrılıqda danışıq;

- mübahisənin həlli üçün təkliflərin hazırlanması;

- mediasiya prosesinin yekunlaşdırılması;

- mediasiya prosesinə xitam verilməsi;

- barışıq sazişinin icrası.

Yuxarıda qeyd olunan mərhələlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 5 sentyabr tarixli 385 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mediasiya prosesinin həyata keçirilməsi Qaydası”nda ətraflı məlumat verilmişdir.

9. Mediasiya prosesinin müddəti nə qədərdir?

Mediasiya prosesinin ümumi müddəti 30 gündən artıq olmayaraq davam edə bilər. Mübahisənin mürəkkəbliyi nəzərə alınaraq tərəflərin razılaşması ilə mediasiya prosesinin müddəti daha 30 gün müddətinə qədər uzadıla bilər. Mediasiya prosesinin keçirilməsinin konkret müddəti ümumi müddət nəzərə alınmaqla “mediasiya prosesinin tətbiqi barədə müqavilə” ilə müəyyən olunur.

10. Barışıq sazişi nədir?

Barışıq sazişi tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşmadır.

11. Barışıq sazişinə əməl edilməməsi məsuliyyət yaradırmı?

Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır.

Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur.

Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə  müraciət edə bilər.

12. Mediasiya prosesinin nəticəsində barışıq sazişi bağlanmadıqda və məhkəməyə müraciət edildikdə tərəflər dövlət rüsumundan azad olunurlarmı?

“Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur.

“Dövlət rüsumu haqqında” Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

Məhkəməyə müraciət etdikdən sonra tərəflər arasında mediasiya prosesinin nəticəsində barışıq sazişi imzalanarsa, ödənilmiş dövlət rüsumu Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq geri qaytarılır.

FƏRDİ MƏLUMATLAR
1. Fərdi məlumat nədir?

Şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyənləşdirməyə imkan verən istənilən məlumatdır.

2. Fərdi məlumatların yayılması dedikdə nə başa düşülməlidir?

Fərdi məlumatların media, habelə informasiya sistemləri ilə açıqlanması və ya fərdi məlumatlarla şəxslərin hər hansı digər üsulla tanış olmasına imkan yaradılmasıdır.

3. Fiziki şəxsin razılığı olmadan fərdi məlumatların verilməsinə hansı hallarda yol verilir?

Açıq kateqoriyalı fərdi məlumatlar verildikdə, konfidensial fərdi məlumatlar dövlət orqanları (qurumları) və ya yerli özünüidarə orqanları tərəfindən onlara həvalə edilmiş vəzifələrin icrası ilə bağlı verildikdə və bu zaman fərdi məlumatların informasiya sistemləri üçün qanunvericiliklə müəyyən edilmiş tələblərə əməl edildikdə, fərdi məlumatların verilməsi subyektin həyat və sağlamlığının qorunması məqsədləri üçün lazım olduqda və onun razılığını təxirə salınmadan almaq mümkün olmadıqda.

4. Fərdi məlumatların transsərhəd ötürülməsi nədir və nə vaxt qadağan edilir?

Fərdi məlumatların transsərhəd ötürülməsi fərdi məlumatların qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının dövlət sərhədindən əlaqədar beynəlxalq təşkilatlara, başqa ölkələrin dövlət və ya yerli özünüidarə orqanlarına, hüquqi və ya fiziki şəxslərinə verilməsidir. Azərbaycan Respublikasının milli təhlükəsizliyi üçün təhdid yaratdıqda, fərdi məlumatların ötürüldüyü ölkənin qanunvericiliyi həmin məlumatların Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səviyyədə hüquqi mühafizəsini təmin etmədikdə fərdi məlumatların transsərhəd ötürülməsi qadağan edilir.

5. Fiziki şəxs onun barəsində fərdi məlumatların qanunsuz toplanılması və işlənilməsi, mühafizəsinin təmin edilməməsi nəticəsində hüquqlarının pozulduğu hallarda nə edə bilər?

Fiziki şəxs onun barəsində fərdi məlumatların qanunsuz toplanılması və işlənilməsi, mühafizəsinin təmin edilməməsi, habelə “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunmaması nəticəsində onun hüquqlarının pozulduğu hallarda müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə şikayət etmək, habelə ona vurulmuş mənəvi və maddi ziyanın ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir.