Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə, Hüquq və İnsan Haqları İnstitutunun 25 illik yubileyinə və Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş tədbir

07-12-2023 | 15:00 358

Hüquq və İnsan Haqları İnstitutu (İnstitut) dekabrın 6-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə, İnstitutun 25 illik yubileyinə və Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş tədbir keçirmişdir.

Tədbirdə İnstitutun əməkdaşlarının hüququn müxtəlif sahələrinə dair yeni çapdan çıxmış kitablarının təqdimatı ilə yanaşı, İnstitutun 25 il ərzində həyata keçirdiyi fəaliyyətlər barədə də ətraflı məlumat verilmişdir. İnstitutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə təqdimatında Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılan İnstitutda bu müddət ərzində 228 elmi işin müdafiə olunduğunu, 700-dən çox tələbə və məzunun təcrübə keçdiyini, 1500-ə yaxın kitab, dərslik və məqalənin dərc edildiyini, 150-dən çox qanuna təklif və rəylər hazırlandığını, habelə yüzlərlə şəxsin insan hüquqları ilə bağlı təlimlərə cəlb olunduğunu qeyd etmişdir. Eyni zamanda, yeni yaradılan Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Hüquq və insan haqları virtual kitabxanası”nda 60.000-dən çox endirilmə statistikasının olduğu vurğulanmışdır.

Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin Sədrinin birinci müavini Əli Hüseynli, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq siyasəti məsələləri sektorunun müdiri Rüstəm Qasımov, İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri Həbib Abdullayev, BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsinin səlahiyyətlərini icra edən xanım Alessandra Rokkasalvo, Milli Məclisin deputatı, h.e.d. Nizami Səfərov çıxış edərək Azərbaycanda insan hüquqları sahəsində aparılan islahatlar və nailiyyətlər barədə məlumat vermişlər.

“Azərbaycanda hüquq elminin mövcud problemləri, yeni prioritetləri və perspektivləri” mövzusunda aparılan müzakirədə müxtəlif ali təhsil ocaqlarının hüquqşünas alimləri və dövlət qurumlarının əməkdaşları hüquq elminin inkişafı ilə bağlı təkliflər səsləndirmiş, bu sahədə görüləcək işlərə dair fikir mübadiləsi aparmışlar.