“Azərbaycan Respublikası Mülki Məcəlləsinin təkmilləşdirilməsi” işçi qrupunun maraqlı tərəflərlə görüşü keçirilib

19-01-2024 | 15:00 542

“Azərbaycan Respublikası Mülki Məcəlləsinin təkmilləşdirilməsi” işçi qrupunun 16.01.2024-cü il tarixində Hüquq və İnsan Haqları İnstitutunda maraqlı tərəflərlə (Mülki Məcəllənin 1-3-cü fəsillərini tətbiq edən və ya belə tətbiqə məruz qalan subyektlərlə) hibrid formatda görüşü keçirilmişdir.

Görüşdə maraqlı tərəf qismində Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi, Ədliyyə Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, Azərbaycan Notariat Palatasının, Vəkillər Kollegiyasının, BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycan Nümayəndəliyinin, Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyinin, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələri və işçi qrupun üzvləri iştirak etmişlər.

Görüşü giriş sözləri ilə açan işçi qrupun rəhbəri, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin İcraçı direktoru Samir Mahmudov işçi qrupun fəaliyyət istiqamətləri barəsində məlumat vermişdir. Daha sonra görüş zamanı maraqlı tərəflərin Mülki Məcəllənin 1-3-cü fəsillərinin tətbiqi ilə bağlı təcrübədə qarşılaşdığı problemlər, bu problemlərin aradan qaldırılması, habelə Mülki Məcəllənin 1-3-cü fəsillərinə daxil olan müddəaların təkmilləşdirilməsinə dair təklifləri dinlənilmiş, işçi qrupun rəhbəri və üzvləri tərəfindən ünvanlanan suallar cavablandırılmışdır.

Görüşün yekununda maraqlı tərəflərin səsləndirdikləri təkliflər nəzərə alınmaqla işçi qrupun üzvləri tərəfindən özlərinin əsaslandırılmış təkliflərinin 29.01.2024-cü il tarixinədək işçi qrupun katibinə təqdim edilməsi qərara alınmışdır.