Azərbaycan Respublikasının Cinayət Məcəlləsində ekosidə görə cinayət məsuliyyəti müəyyənləşdirilib

img
04 декабря 2024

 “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 22 oktyabr tarixli Qanunu ilə Cinayət Məcəlləsinin “Sülh və insanlıq əleyhinə cinayətlər” adlı 16-cı fəslinə ekosid cinayəti ilə bağlı yeni maddə əlavə edilmişdir.

Belə ki, Cinayət Məcəlləsinə əlavə olunan 104-1-ci maddəyə əsasən bitki və ya heyvanlar aləminin kütləvi məhv edilməsi, atmosferin, torpaq və ya su ehtiyatlarının zəhərlənməsi, yaxud ekologiyaya ziyan vuran digər hərəkətlərin qəsdən törədilməsi, bu əməllər ekoloji fəlakətə səbəb olduqda və ya ekoloji fəlakətin baş verməsi üçün real təhlükə yaratdıqda bu əməl cinayət məsuliyyəti yaradır.

Həmin cinayətin törədilməsinə görə şəxslər on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmçinin, sözügedən əməlin hüquqi şəxslər tərəfindən törədilməsi onlara münasibətdə Cinayət Məcəlləsi ilə müəyyən edilmiş cinayət-hüquqi tədbirlərin tətbiqinə səbəb olur.

Qeyd olunmalıdır ki, ekosid cinayətinin ibtidai istintaqı prokurorluq tərəfindən aparılır.

Həmçinin məlumat üçün bildirilir ki, ekosid cinayəti ilə bağlı qanun layihəsi hazırlanarkən xarici ölkələrin, o cümlədən Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan və Belarus təcrübəsi nəzərə alınmışdır.