Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin İcraçı direktoru I Milli Rəqabət Forumunda iştirak edib

12 июля 2024 | 11:00 234

Cari ilin 11 iyul tarixində Bakı şəhərində Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin İcraçı direktoru Samir Mahmudov Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin təşəbbüsü ilə keçirilən I Milli Rəqabət Forumunda iştirak etmişdir.

Forum ölkədə rəqabət sahəsində təkmilləşdirilən qanunvericilik aktları və institusional islahatlar, rəqabətədavamlı iqtisadiyyatın inkişafı, o cümlədən rəqabət problemlərinə dair effektiv tənzimləmə üsulları və hüquqi alətlər ətrafında müzakirələrin aparılması məqsədilə təşkil olunmuşdur.

Forumun “Məhkəmə-hüquq sisteminin rəqabət siyasətinin icrasında rolu” mövzulu panelində iştirak edən HEQT Mərkəzinin İcraçı direktoru Samir Mahmudov cari ilin 1 iyul tarixindən qüvvəyə minmiş Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin son illərdə beynəlxalq təcrübədən ciddi formada bəhrələnən ən mütərəqqi normativ hüquqi aktlardan olduğunu vurğulayaraq onun uğurlu tətbiqi üçün uzunmüddətli və intensiv maarifləndirmənin, xüsusən rəqabət orqanı tərəfindən təlimçilər üçün təlimlərin təşkil edilməsinin, həmçinin sözügedən Məcəlləni tətbiq edən və tətbiqə məruz qalan subyektlər (hakimlər, vəkillər, biznes nümayəndələri) üçün sistematik təlimlərin keçirilməsinin, rəqabət orqanı tərəfindən Rəqabət Məcəlləsinin tətbiqi ilə bağlı onlara daxil olan müraciətlərə praktiki izahların verilməsinin, Rəqabət Məcəlləsinin kommentariyasının hazırlanmasının, rəqabət qanunvericiliyinin tətbiqini ümumiləşdirən daydjestlərin (icmalların) və Ali Məhkəmənin Plenum qərarlarının hazırlanmasının və bu kimi digər tədbirlərin həyata keçirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini bildirmişdir.