Normayaratma fəaliyyəti və hüquq normalarının tətbiqi sahəsində mərkəzi icra hakimiyyəti orqanlarının və dövlətin hüquqi şəxslərinin əməkdaşlarına keçirilən növbəti təlim başa çatıb

15 июля 2024 | 11:10 246

Cari ilin 08 - 12 iyul tarixlərində Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 19 may tarixli 1685 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin Nizamnaməsi”nə uyğun olaraq HEQT Mərkəzi tərəfindən 4 mərkəzi icra hakimiyyəti orqanının və dövlətin 3 hüquqi şəxsinin hüquq sahəsində fəaliyyət göstərən 14 əməkdaşına hüquqi biliklərinin və təcrübələrinin artırılması üçün normayaratma fəaliyyəti və hüquq normalarının tətbiqi sahəsində keçirilən təlim başa çatmışdır.

Təlim ərzində hüquqi aktların növləri və qəbul edilmə xüsusiyyətləri, normativ hüquqi aktların kolliziyası, qanunvericilikdə boşluqlar və onların aradan qaldırılması üsulları, normayaratma prosesi, normayaratma texnikası və layihənin hazırlanmasına dair ümumi tələblər, normativ hüquqi aktın qəbul edilməsi zərurətinin əsaslandırılması sənədinin hazırlanması, hüquqi akt layihəsinin təqdim edilməsi, baxılması, qəbul edilməsi, rəsmi dərc edilməsi və qüvvəyə minməsi, normativ hüquqi akt layihəsinin məcburi hüquqi ekspertizasının, o cümlədən sui-istifadəyə məruz qalmasına dair ekspertizasının keçirilməsi qaydaları və nəticələrinin rəsmiləşdirilməsi və digər məsələlər barədə ətraflı məlumat verilmişdir.

Təlimin sonuncu günü sözügedən mövzularla əlaqədar iştirakçılarla fikir mübadiləsi aparılmış, habelə normativ hüquqi aktların layihəsinin hazırlanması, məcburi hüquqi ekspertizasının aparılması, nöqsan və çatışmazlıqların aşkar edilməsi üzrə praktik iş yerinə yetirilmişdir.

Sonda HEQT Mərkəzinin İcraçı direktoru Samir Mahmudov tərəfindən təlimi uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim edildi və onlarla xatirə şəkli çəkdirildi.