Normayaratma fəaliyyəti və hüquq normalarının tətbiqi sahəsində yerli icra hakimiyyəti orqanlarının əməkdaşları üçün keçirilən növbəti təlimlər başa çatıb

04 ноября 2024 | 11:00 224

Cari ilin 28 oktyabr – 1 noyabr tarixlərində Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi tərəfindən paytaxt və müxtəlif regionlarda fəaliyyət göstərən yerli icra hakimiyyəti orqanlarının hüquq sahəsində çalışan 23 əməkdaşına hüquqi biliklərinin və təcrübələrinin artırılması məqsədilə normayaratma fəaliyyəti və hüquq normalarının tətbiqi sahəsində təlimlər keçirilib.

Təlimlər zamanı normayaratma prosesi, texnikası və normativ hüquqi akt layihəsinin hazırlanmasına dair ümumi tələblər, yerli icra hakimiyyəti orqanlarının normativ xarakterli aktlarının hazırlanması və qəbul edilməsi, qəbul edilməsi zərurətinin əsaslandırılması sənədinin hazırlanması, hüquqi aktlarda dəyişiklik edilməsini və onların ləğvini nəzərdə tutan layihələrin tərtibi və digər aidiyyəti məsələlər barədə iştirakçılara ətraflı məlumat verilib. Həmçinin, yerli icra hakimiyyəti orqanının qərarının məcburi hüquqi ekspertizasının, bu qərarların (onların layihələrinin) sui-istifadəyə məruz qalmasına dair ekspertizasının keçirilməsi qaydaları və nəticələrinin rəsmiləşdirilməsi, o cümlədən nöqsan və çatışmazlıqların aşkar edilməsi mövzularına toxunulub.

İnteraktiv keçən təlimlərdə müxtəlif komanda işləri icra olunub, öyrənilən mövzuların daha yaxşı mənimsənilməsi məqsədilə iştirakçılar komandalara bölünərək “Kahoot” platforması üzərindən təşkil edilən intellektual yarışda ünvanlanan sualları cavablandırıb. Eyni zamanda, sözügedən mövzularla əlaqədar iştirakçılarla geniş müzakirələr aparılıb, müvafiq hüquqi aktların layihələrinin hazırlanması, aktlarda dəyişiklik və onların ləğv edilməsi barədə layihələrin tərtibi, yerli icra hakimiyyəti orqanının qərarının hüquqi ekspertizası üzrə praktik işlər yerinə yetirilib.

Sonda HEQT Mərkəzinin İcraçı direktorunun müavini Aygün Bəşirova tərəfindən təlimi uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim edilərək xatirə şəkli çəkdirilib.