Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin əməkdaşı ESG üzrə vahid platformanın və milli standartın təqdimatı ilə bağlı keçirilən konfransda iştirak edib

07 ноября 2024 | 10:25 131

Cari ilin 6 noyabr tarixində Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin Publik hüququn ekspertizası şöbəsinin aparıcı mütəxəssisi Günay Məmmədova Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı, ABB və “Azercell Telecom” MMC-nin dəstəyi ilə ekoloji, sosial və korporativ idarəetmə (ESG) üzrə vahid platformanın və milli standartın təqdimatı ilə bağlı keçirilən konfransda iştirak edib.

Bir sıra dövlət qurumlarının, beynəlxalq təşkilatların nümayəndələri və sahibkarların iştirak etdiyi konfransda ESG-nin əhəmiyyəti, ətraf mühitə təsiri, ESG-nin sosial tərəfləri, bu prinsiplərin tətbiqinin dayanıqlı və davamlı inkişafa təsiri, özəl sektor üçün faydasından danışılıb və bu sahədə beynəlxalq təcrübə barədə fikirlər səsləndirilib.

Tədbir çərçivəsində ESG platformasının ideyası, ətraf mühit və dayanıqlı inkişaf məsələlərinə, beynəlxalq reytinqlərdə ekoloji performansla bağlı göstəricilərə verəcəyi müsbət töhfələrlə bağlı çıxışlar edilib. Daha sonra ESG üzrə vahid platformaya və milli standarta dair təqdimatlar nümayiş olunub.

Konfrans “Daha yaşıl gələcəyin qurulması: ESG platforması və prinsiplərinin effektiv həyata keçirilməsi üçün strategiyalar” mövzusunda panel müzakirələrlə davam etdirilib.

Qeyd edək ki, ESG üzrə milli standart KOBİA-nın təşəbbüsü ilə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya çərçivəsində Beynəlxalq Standartlaşdırma Təşkilatının tövsiyələrinə əsasən hazırlanıb və bu yaxınlarda Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən qəbul olunub. Standartın məqsədi müəssisə və təşkilatlara ESG strategiyalarını formalaşdırmaqda və həyata keçirməkdə kömək etməkdir.