Normayaratma fəaliyyəti və hüquq normalarının tətbiqi sahəsində mərkəzi icra hakimiyyəti orqanlarının və dövlətin hüquqi şəxslərinin əməkdaşları üçün keçirilən növbəti təlimlər başa çatıb

09 декабря 2024 | 15:31 150

Cari ilin 2-6 dekabr tarixlərində “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin Nizamnaməsi”nə uyğun olaraq Mərkəz tərəfindən mərkəzi icra hakimiyyəti orqanlarının və dövlətin hüquqi şəxslərinin hüquq sahəsində fəaliyyət göstərən 14 əməkdaşına hüquqi biliklərinin və təcrübələrinin artırılması məqsədilə normayaratma fəaliyyəti və hüquq normalarının tətbiqi sahəsində təlimlər keçirilib.

Təlimlər zamanı hüquqi aktların növləri və qəbul edilmə xüsusiyyətləri, normativ hüquqi aktların kolliziyası, qanunvericilikdə boşluqlar və onların aradan qaldırılması üsulları, normayaratma prosesi, normayaratma texnikası və layihənin hazırlanmasına dair ümumi tələblər, normativ hüquqi aktın qəbul edilməsi zərurətinin əsaslandırılması sənədinin hazırlanması, hüquqi akt layihəsinin təqdim edilməsi, baxılması, qəbul edilməsi, rəsmi dərc edilməsi və qüvvəyə minməsi, normativ hüquqi akt layihəsinin məcburi hüquqi ekspertizasının, o cümlədən sui-istifadəyə məruz qalmasına dair ekspertizasının keçirilməsi qaydaları və nəticələrinin rəsmiləşdirilməsi və digər məsələlər barədə iştirakçılara ətraflı məlumat verilib.

İnteraktiv keçən təlimlərdə müxtəlif komanda işləri icra olunub, habelə “Nə? Harada? Nə zaman?” formatında mövzunu əhatə edən intellektual yarış təşkil edilib, suallar üzərində müzakirələr aparılmaqla mövzuların mənimsənilməsi prosesinə şərait yaradılıb. Həmçinin, sözügedən mövzularla əlaqədar iştirakçılarla fikir mübadiləsi aparılıb, normativ hüquqi aktların layihəsinin hazırlanması, məcburi hüquqi ekspertizasının aparılması, nöqsan və çatışmazlıqların aşkar edilməsi üzrə praktik işlər yerinə yetirilib.

Sonda Mərkəzin İcraçı direktorunun müavini Aygün Bəşirova tərəfindən təlimi uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim edilib.