Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin İcraçı direktoru Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Mülki qanunvericiliyin problem məsələləri” mövzusunda keçirilən dəyirmi masada iştirak edib

15 мая 2025 | 12:53 174

Cari ilin 14 may tarixində Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin İcraçı direktoru, "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təkmilləşdirilməsi" işçi qrupunun rəhbəri Samir Mahmudov Dövlət İdarəçilik Akademiyasında “Mülki qanunvericiliyin problem məsələləri” mövzusunda keçirilən dəyirmi masada məruzəçi qismində iştirak edib.

Bakı Dövlət Universiteti, ADA Universiteti, Polis Akademiyası və Milli Aviasiya Akademiyasının müəllim və tələbə heyətinin iştirak etdiyi tədbirdə çıxışı zamanı Samir Mahmudov mülki qanunvericilik sahəsində aktual problemlərdən danışıb, Mülki Məcəllənin tətbiqində yaranan çətinliklər, hüquqi boşluqlar və müasir dövrün tələblərinə uyğun normativ dəyişikliklərin zəruriliyi haqqında ətraflı məlumat verib. Eyni zamanda beynəlxalq hüquq təcrübəsində mövcud olan bəzi yanaşmaları müqayisəli şəkildə təqdim edərək milli qanunvericilikdə tətbiq edilə biləcək məqamlarla bağlı fikirlərini bölüşüb.

 "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təkmilləşdirilməsi" işçi qrupunun rəhbəri kimi normativ aktların hüquqi texnikası, onların dilinin sadəliyi və aydınlığı qədər məzmununun da hüquqi reallıqlara uyğunluğunun əhəmiyyətindən danışan İcraçı direktor sonda iştirakçıların suallarını cavablandırıb.