Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin əməkdaşı Azərbaycanda qadınlara qarşı zorakılıq və məişət zorakılığı sahəsində qanunvericilik və siyasət çərçivəsində mövcud boşluqların təhlilinə dair təşkil olunmuş çoxtərəfli dəyirmi masa müzakirəsində iştirak edib
Cari ilin 7 iyul tarixində Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin Publik hüququn ekspertizası şöbəsinin aparıcı mütəxəssisi Günay Səlimova Avropa İttifaqı və Avropa Şurasının Tərəfdaşlığı ilə həyata keçirilən “Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq” proqramı çərçivəsində “Azərbaycanda qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və onunla mübarizə” adlı layihə üzrə aparılmış təhlilin müzakirəsinə həsr olunmuş çoxtərəfli dəyirmi masa müzakirəsində iştirak edib.
Tədbir zamanı iştirakçılar tərəfindən qadınlara qarşı zorakılıq və məişət zorakılığı sahəsində 2022-ci ildə hazırlanmış milli hüquq və siyasət çərçivəsində mövcud olan boşluqların təhlili və bu istiqamətdə irəli sürülmüş qanunvericilik dəyişikliklərinə dair tövsiyələr nəzərdən keçirilib.
Daha sonra hökumət, vətəndaş cəmiyyəti və beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdiyi dəyirmi masada erkən və məcburi dini nikahların qarşısının alınması, erkən birgə yaşayışın kriminallaşdırılması, qanuni nikah yaşının 18 yaş olaraq müəyyən edilməsi, qısamüddətli mühafizə orderlərinin tətbiqi və zərərçəkmiş şəxslərə dövlət hesabına hüquqi yardımın göstərilməsi ilə bağlı son qanunvericilik dəyişiklikləri müzakirə olunub.
Eyni zamanda tədbirdə davam edən hüquqi islahatlara diqqət yetirilib, bütün qadın və qızların təhlükəsizliyinin, ləyaqətinin və ədalət mühakiməsinə çıxışının təmin edilməsinə yönələn zərərçəkmişlərə dəstək məqsədli prosedur və xidmətlərin inkişaf etdirilməsində birgə öhdəliyin əhəmiyyəti vurğulanıb.
Tədbirin sonunda müzakirə olunan məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.