Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin İcraçı direktoru Azərbaycan Konstitusiyasının 30 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans və TÜRK-AY-ın birinci konqresində iştirak edib
Cari ilin 17 iyul tarixində Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin İcraçı direktoru Samir Mahmudov Azərbaycan Respublikası Konstitusiyasının 30 illik yubileyinə həsr olunmuş “Konstitusiya ədalət mühakiməsinin həyata keçirilməsi yolu ilə Konstitusiyanın aliliyinin təmin edilməsində müasir tendensiyalar” mövzusunda beynəlxalq konfrans və Türk Dünyası Konstitusiya Yurisdiksiyaları Konfransının (TÜRK-AY) birinci konqresində iştirak edib.
Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan, Şimali Kipr Türk Cümhuriyyəti, Belarus, Gürcüstan, Moldova, Serbiya, İraqın konstitusiya ədalət mühakiməsi orqanlarının nümayəndə heyətləri, həmçinin Azərbaycan dövlət qurumlarının rəhbər şəxsləri və nümayəndələri, insan hüquqları üzrə müvəkkil (ombudsman), bir sıra məhkəmələrin sədr və hakimləri, alimlər, hüquq ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev açılış nitqində Konstitusiyanın 30 illiyi və Vətən müharibəsində Qələbənin 5 illiyi münasibətilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsinin hüquqi dövlətçilik və suverenlik dəyərlərinin möhkəmləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.
Konfransın praktiki hissəsində müxtəlif ölkələrdən dəvət olunan Konstitusiya Məhkəmələrinin sədr və hakimləri Konstitusiyanın aliliyinin təmin edilməsi sahəsində mövcud təcrübələrini bölüşüblər.
Eyni zamanda Konstitusiya Ədalət Mühakiməsi üzrə Dünya Konfransının (Təşkilatı) 6-cı konqresi ilə əlaqədar TÜRK-AY-a üzv məhkəmələrin nümayəndələri tərəfindən milli məruzələr üzrə icmallar təqdim olunub.
Daha sonra TÜRK-AY-ın beynəlxalq təşkilatlarla əməkdaşlıq istiqamətində fəaliyyəti, bu sahədə əldə olunmuş nailiyyətlər və perspektivlər ətrafında fikir mübadiləsi aparılıb.
Şimali Kiprin Ali Məhkəməsinin müraciəti müzakirə olunaraq qurumun TÜRK-AY-a müşahidəçi statusunda qəbul olunması haqqında qərar qəbul edilib.
Konqres çərçivəsində Türk dövlətləri arasında konstitusiya ədalət mühakiməsi sahəsində əməkdaşlığın inkişaf etdirilməsinə xidmət edən “Bakı Bəyannaməsi”, həmçinin Azərbaycan Konstitusiya Məhkəməsi ilə Türkiyə Konstitusiya Məhkəməsi, eləcə də Azərbaycan Konstitusiya Məhkəməsi ilə İraq Federal Ali Məhkəməsi arasında Anlaşma memorandumları imzalanıb.