Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin nümayəndələri Avropa Hüquq İnstitutunun İllik Konfransında iştirak edib

02 октября 2025 | 10:10 396

Cari ilin 22–24 sentyabr tarixlərində Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin İcraçı direktoru Samir Mahmudov və Xüsusi hüququn ekspertizası şöbəsinin müdiri Samir Tağıyev Avstriyanın paytaxtı Vyana şəhərində keçirilən Avropa Hüquq İnstitutunun (European Law Institute – ELI) İllik Konfransında iştirak edib.

Avropanın və dünyanın müxtəlif ölkələrindən qabaqcıl hüquq mütəxəssislərinin bir araya gəldiyi tədbirin 2025-ci il üzrə mövzusu dövrümüzün ən aktual məsələlərindən birinə – ekoloji, iqtisadi, siyasi və texnoloji dəyişikliklər fonunda ətraf mühitin və əsas insan hüquqlarının qorunmasına həsr olunub.

Konfrans zamanı məhkəmələrin iqlim və biomüxtəliflik böhranlarında dəyişən rolu, hüquq sistemlərinin ekoloji çağırışlara adaptasiyası mövzularında panel müzakirələr aparılıb. Eyni zamanda Avropa Hüquq İnstitutunun korporativ cinayət məsuliyyəti, rəqəmsal aktivlərin varisliyi və digər layihələr çərçivəsində ədalətli, dayanıqlı və çevik gələcək üçün praktiki strategiyaların işlənməsi müzakirə edilib.

Bununla yanaşı, iştirakçılar arasında hüquqi islahatlar sahəsində təcrübə mübadiləsi həyata keçirilib və gələcək əməkdaşlıqlar üçün mühüm zəmin yaradılıb.