Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin İcraçı direktoru II Milli Rəqabət Forumunda iştirak edib
Cari ilin 3 oktyabr tarixində Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin İcraçı direktoru Samir Mahmudov Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə keçirilən II Milli Rəqabət Forumunda iştirak edib.
Tədbirdə Milli Məclisin deputatları, dövlət qurumları, biznes assosiasiyaları, özəl sektorun təmsilçiləri və digər maraqlı tərəflər iştirak ediblər.
Ölkədə rəqabət sahəsində təkmilləşdirilən qanunvericilik aktları və institusional islahatlar, rəqabətədavamlı iqtisadiyyatın inkişafı, o cümlədən rəqabət problemlərinə dair effektiv tənzimləmə üsulları və hüquqi alətlər ətrafında müzakirələrin aparıldığı forumda mövzu ilə bağlı çıxışlar dinlənilib, panel müzakirələr təşkil olunub.
Müzakirələr zamanı rəqabət siyasətinin iqtisadi inkişafda rolu, rəqabət tənzimləmələrinin biznes mühitinə təsirləri, rəqəmsal platformalarda meydana çıxan yeni rəqabət çağırışları, transsərhəd rəqabət pozuntularının qarşısının alınması, eləcə də ötən il qəbul olunmuş Rəqabət Məcəlləsinin bazar iştirakçılarının davranışlarına ilkin təsirləri kimi mühüm məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
“Müasir rəqabət çağırışları və dəyişən siyasət: Rəqabət siyasətinin iqtisadi inkişafda rolu” mövzusunda keçirilən panel müzakirədə iştirak etmiş İcraçı direktor Samir Mahmudov rəqabət pozuntularının aşkarlanması və qarşısının alınması zamanı hüquqi və iqtisadi dəlillərin fərqləndirilməsi, onların əhəmiyyəti və tətbiqi problemləri ilə əlaqədar çıxış edib. Çıxışı zamanı Samir Mahmudov rəqabət pozuntularının müəyyənləşdirilməsində hüquqi və iqtisadi dəlillərin qarşılıqlı əlaqəsinin vacibliyini vurğulayıb, dəlillərin toplanmasında qarşıya çıxan başlıca problem və çətinliklərə diqqət çəkib, sübutların toplanması və qiymətləndirilməsi prosesində beynəlxalq təcrübənin tətbiqi imkanlarına toxunub. Eyni zamanda iqtisadi təhlillərin məhkəmə təcrübəsində düzgün tətbiqinin qərarların obyektivliyinə və bazarda ədalətli rəqabət mühitinin təmin edilməsinə təsirindən bəhs edib.
Panel müzakirələrinin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.