Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin əməkdaşlarına Təlimçilər üçün Təlim proqramının keçirilməsinə başlanılıb

08 октября 2025 | 16:43 765

Cari ilin 8 oktyabr tarixində Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin hüquq sahəsində fəaliyyət göstərən əməkdaşlarına təlimçilik sahəsində peşəkar bilik və bacarıqlarının artırılması məqsədilə “Təlimçilər üçün Təlim” (Training of Trainers – TOT) proqramının keçirilməsinə başlanılıb. Təlimdə Mərkəzin əməkdaşları ilə yanaşı, Hüquq və İnsan Haqları İnstitutunun əməkdaşları da iştirak edib.

Human Development Center (HDC) tərəfindən həyata keçirilən proqramın ilk günü HDC-nin direktoru və təlimçi Toğrul Ələkbərov iştirakçılara proqramın məqsədi, mərhələləri, təlimlərin gedişatı, əldə ediləcək bilik və bacarıqlar, həmçinin qiymətləndirmə meyarları barədə ətraflı məlumat verib.

İnteraktiv formatda təşkil olunan təlim zamanı iştirakçılar “Təlim nədir?”, “Təlimçi kimdir?”, “Yaxşı təlimçini fərqləndirən xüsusiyyətlər hansılardır?” - kimi suallar ətrafında müzakirələr aparıblar. Onlar, həmçinin təlimçi, məsləhətçi, mentor və kouç anlayışları arasındakı fərqləri öyrənib, müxtəlif komanda tapşırıqları üzərində işləyiblər.

Eyni zamanda iştirakçılar test tapşırıqları, çalışmalar üzərində işləyərək təlimçiyə onları maraqlandıran sualları ünvanlayıb, mövzu və situasiyalarla bağlı öz təcrübələrini də bölüşüblər.

Qeyd edək ki, proqramın sonunda təlimi uğurla bitirən əməkdaşlara American Accreditation Association tərəfindən akkreditasiyadan keçmiş TOT sertifikatı təqdim olunacaq.