Azərbaycan Respublikası Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının “Azərbaycan Respublikası Mülki Məcəlləsinin təkmilləşdirilməsi” işçi qrupunun növbəti iclası keçirilib
Cari ilin 21 noyabr tarixində “Azərbaycan Respublikası Mülki Məcəlləsinin təkmilləşdirilməsi” işçi qrupunun Hüquq və İnsan Haqları İnstitutunda hibrid formatda növbəti iclası keçirilib.
İclası giriş sözü ilə açan işçi qrupun rəhbəri, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin İcraçı direktoru Samir Mahmudov ötən dövr ərzində görülən işlər barədə məlumat verib. O, Konsepsiya sənədinin Mülki Məcəllənin 1-ci və 2-ci fəsilləri, həmçinin Məcəlləyə əlavə edilməsi nəzərdə tutulan 2-1-ci fəsli (“Şəxsiyyət hüquqları” fəsli) üzrə hissələrinin ümumi məqsədləri, məzmunu və strukturunu iclas iştirakçılarının diqqətinə çatdırıb. Həmçinin yeni fəslin hazırlanması zamanı araşdırılan yerli və xarici hüquqi mənbələr barədə məlumat təqdim edib.
İclasın davamında konsepsiya sənədinin müzakirəsi aparılıb, işçi qrup üzvləri sənədin layihəsinə dair rəy və təkliflərini səsləndiriblər. Daha sonra Konsepsiya sənədinin müzakirəyə təqdim edilən hissələri ilə bağlı iclas iştirakçılarının sualları cavablandırılıb.
Sonda işçi qrupun üzvlərinin və maraqlı tərəflərin rəy və təklifləri nəzərə alınmaqla sənədin təkmilləşdiriləcəyi və təkmilləşdirilmiş layihənin işçi qrup üzvlərinə təqdim olunacağı bildirilib.
Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikası Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının “Azərbaycan Respublikası Mülki Məcəlləsinin təkmilləşdirilməsi” işçi qrupuna rəhbərliyi Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi həyata keçirir.