Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin əməkdaşlarına keçirilən Təlimçilər üçün Təlim proqramı başa çatıb

12 декабря 2025 | 15:51 307

Cari ilin 12 dekabr tarixində Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin hüquq sahəsində fəaliyyət göstərən əməkdaşlarının təlimçilik bacarıqlarının inkişaf etdirilməsi məqsədilə həyata keçirilən “Təlimçilər üçün Təlim” (Training of Trainers – TOT) proqramı uğurla yekunlaşıb. Təlimdə Mərkəzin əməkdaşları ilə yanaşı, Hüquq və İnsan Haqları İnstitutunun əməkdaşları da iştirak edib.

İki ay davam edən və peşəkar təlimçilik bacarıqlarının inkişafına yönələn təlimlər Human Development Center (HDC) tərəfindən həyata keçirilib. HDC-nin direktoru və təlimçi Toğrul Ələkbərov və təlimçi Pərviz Əfəndizadə iştirakçıları “Təlim nədir?”, “Təlimçi kimdir?”, “Yaxşı təlimçini fərqləndirən xüsusiyyətlər hansılardır?” kimi mövzular üzrə məlumatlandırıb, təlimçi, məsləhətçi, mentor anlayışları arasındakı fərqləri izah ediblər.

Eyni zamanda əməkdaşlara təlimçinin xüsusiyyətləri, peşəkar fəaliyyətdə vacib hesab edilən şəxsi keyfiyyətlər və təlim prosesində bu keyfiyyətlərin rolu, TOWS analizi, Kolbun təcrübə ilə öyrənmə çarxı, təlimin hazırlıq mərhələlərinin düzgün ardıcıllığı, 3D təlim modeli, TNA – təlim ehtiyaclarının müəyyənləşdirilməsi, effektiv TNA alətləri, təlim məqsədlərinin mahiyyəti, onların düzgün formalaşdırılmasının əhəmiyyəti və SMART məqsədlər kimi mövzular barədə ətraflı məlumat verilib. Bununla yanaşı, əməkdaşlar təlim və modul anlayışları arasındakı fərqləri öyrənib, təlim konstruktorunun hazırlanması və modul seçimi zamanı diqqət edilməli əsas məqamlarla tanış olublar.

Təlim zamanı iştirakçılar həm nəzəri bilikləri mənimsəyib, həm də praktik tapşırıqlar, komanda işləri vasitəsilə bu bilikləri tətbiq etmək imkanı qazanıblar. Yekunda iştirakçılar imtahan mərhələsindən keçib, təlim karkasları hazırlayıb və sınaq təlimləri keçərək təlimçilər tərəfindən müxtəlif ballarla qiymətləndirilib.

Sonda proqramı uğurla tamamlayan əməkdaşlara American Accreditation Association tərəfindən akkreditasiyadan keçmiş TOT sertifikatları təqdim olunub.