Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin İcraçı direktoru “Heydər Əliyev və Azərbaycan Ədliyyəsi” kitabının təqdimat mərasimində iştirak edib

14 мая 2026 | 10:42 41

Cari ilin 12 may tarixində Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin İcraçı direktoru Samir Mahmudov Hüquq və İnsan Haqları İnstitutunda keçirilən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi, əməkdar hüquqşünas, uzun illər Ədliyyə Naziri və Məhkəmə-Hüquq Şurasının sədri işləmiş Fikrət Məmmədovun müəllifi olduğu “Heydər Əliyev və Azərbaycan Ədliyyəsi” kitabının təqdimat mərasimində iştirak edib.

Tədbiri giriş sözü ilə açan İnstitutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə nəşrdə Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsi, xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətləri, hüquqi dövlət quruculuğu, xüsusilə ədliyyə sisteminin təkmilləşdirilməsi, yeni məhkəmə sisteminin formalaşdırılması istiqamətində gördüyü işlərin geniş əks olunduğunu bildirib.

Çıxış edən Fikrət Məmmədov Ulu Öndər Heydər Əliyev haqqında kitab yazmağın böyük məsuliyyət tələb etdiyini vurğulayıb, dahi şəxsiyyətin dövlət və xalq qarşısındakı xidmətlərinin misilsiz olduğunu qeyd edib. O bildirib ki, zaman keçdikcə Ulu Öndərin dahiliyi, uzaqgörənliyi, müdrikliyi daha dərindən dərk olunur.

Kitabda, həmçinin, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan yüksək nailiyyətlər və parlaq qələbələr, o cümlədən ədliyyə və məhkəmə sisteminin daha da təkmilləşdirilməsi və müasirləşdirilməsi üzrə həyata keçirilən islahatlar, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun dahi liderin irsinin öyrənilməsi və təbliği ilə bağlı fəaliyyəti əksini tapıb.

Təqdimat mərasimində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri, Ombudsman, millət vəkilləri, Vəkillər Kollegiyasının sədri, alimlər, YAP-ın, vətəndaş cəmiyyəti və geniş ictimaiyyət nümayəndələri iştirak edib.