Yerli icra hakimiyyəti orqanlarının əməkdaşları üçün təlim proqramı yekunlaşıb

23 ноября 2026 | 16:50 26

Cari ilin 16-20 noyabr tarixlərində “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin Nizamnaməsi”nə uyğun olaraq Mərkəz tərəfindən yerli icra hakimiyyəti orqanlarının hüquq sahəsində fəaliyyət göstərən 17 əməkdaşına hüquqi bilik və təcrübələrinin artırılması məqsədilə normayaratma fəaliyyəti və hüquq normalarının tətbiqi sahəsində keçirilən təlimlər yekunlaşıb.

Təlimlər çərçivəsində iştirakçılara normayaratma texnikası və normativ hüquqi akt layihəsinin, eləcə də yerli icra hakimiyyəti orqanlarının normativ xarakterli aktlarının hazırlanmasına dair ümumi və linqvistik tələblər, mətnin ayrı-ayrı elementlərinin tərtibi texnikası, hüquqi aktların, yerli icra hakimiyyəti orqanlarının normativ xarakterli aktlarının ayrı-ayrı normalarının tərtib edilməsinin xüsusiyyətləri, normativ hüquqi aktların kolliziyası, qanunvericilikdə boşluqlar və onların aradan qaldırılması üsulları ilə bağlı ətraflı məlumat verilib. Eyni zamanda normativ hüquqi aktın qəbul edilməsi zərurətinin əsaslandırılması sənədinin hazırlanması, hüquqi akt layihəsinin razılaşdırılması, təqdim edilməsi, baxılması, qəbul edilməsi, rəsmi dərc edilməsi və qüvvəyə minməsi məsələləri izah olunub. Bununla yanaşı, normativ hüquqi akt layihəsinin məcburi hüquqi ekspertizasının, o cümlədən sui-istifadəyə məruz qalmasına dair ekspertizasının keçirilməsi qaydaları və nəticələrinin rəsmiləşdirilməsi barədə məqamlar diqqətə çatdırılıb.

İnteraktiv şəkildə təşkil olunan təlimlər zamanı müxtəlif komanda işləri və praktiki tapşırıqlar yerinə yetirilib, keçirilən mövzular əsasında yarışlar təşkil olunub. Həmçinin sözügedən mövzularla əlaqədar iştirakçılarla fikir mübadiləsi aparılıb, praktiki tövsiyələr verilib.

Sonda təlim iştirakçılarına sertifikatlar təqdim edilib.