TAIEX – Texniki Yardım və İnformasiya Mübadiləsi Aləti çərçivəsində “Normayaratma qurumlarının təşkilati strukturu və idarə edilməsi” mövzusunda beynəlxalq ekspertlərin səfəri təşkil edilib
Cari ilin 15-17 may tarixlərində TAIEX – Texniki Yardım və İnformasiya Mübadiləsi Aləti çərçivəsində Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin təşkilatçılığı ilə “Normayaratma qurumlarının təşkilati strukturu və idarə edilməsi” mövzusunda beynəlxalq ekspertlərin missiyası baş tutmuşdur.
İspaniyanın Ədliyyə Nazirliyindən olan ekspertlərin iştirakı ilə təşkil olunmuş tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Nazirlər Kabinetinin, HEQT Mərkəzinin və onun tabeliyində olan Hüquq və İnsan Haqları İnstitutunun nümayəndələri iştirak etmişlər.
Ekspert missiyasının ilk günü tədbiri giriş nitqi ilə açan HEQT Mərkəzinin İcraçı direktoru Samir Mahmudov qonaqları və iştirakçıları salamlayaraq bildirmişdir ki, Avropa İttifaqının və onun üzvü olan qabaqcıl ölkələrin normayaratma ilə bağlı müsbət təcrübəsinin öyrənilməsi müvafiq sahədə fəaliyyətin keyfiyyətinin yüksəldilməsi üçün mühüm əhəmiyyət kəsb edir və belə tədbirlərin təşkili qarşımızda duran vəzifələrin daha da səmərəli icrasına xidmət edir.
Beynəlxalq ekspertlər üç gün ərzində Avropa İttifaqının hüquqi tənzimləmə siyasəti sistemi, normayaratma qurumlarının iş yükünün idarəedilməsi, normayaratma texnikası, hüquqi aktların layihələrinin hüquqi ekspertizası, qanun və digər hüquqi aktların layihələrinin tənzimləyici təsirinin ex-ante və ex-post qiymətləndirilməsi, hesabatların hazırlanması və digər mövzular barədə Avropa İttifaqının, habelə İspaniya və Almaniya dövlətlərinin təcrübələri barədə geniş təqdimatlarla çıxış etmiş və praktik nümunələrlə ətraflı izahlar vermişlər, həmçinin mövzular ətrafında qarşılıqlı müzakirələr və fikir mübadiləsi aparılmışdır.