Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin yaradılmasının 1 ili tamam olur

19 мая 2023 | 10:40 520

Bu gün Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 19 may tarixli 1685 nömrəli Fərmanı ilə “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” publik hüquqi şəxsin yaradılmasından 1 il ötür.

HEQT Mərkəzi ölkəmizin hüquq sisteminin təkmilləşdirilməsi istiqamətində aparılan hüquqi islahatların davamı kimi beynəlxalq təcrübə nəzərə alınmaqla hüququn müxtəlif sahələri üzrə islahatların həyata keçirilməsi, normayaratma fəaliyyətinin keyfiyyətinin yüksəldilməsi məqsədilə yaradılmış, Hüquq və İnsan Haqları İnstitutu onun tabeliyinə verilmişdir.

HEQT Mərkəzi normayaratma fəaliyyətinin keyfiyyətinin yüksəldilməsi, dövlət qurumları əməkdaşlarının hüquq normalarının tətbiqi sahəsində bilik, bacarıq və səriştələrinin inkişaf etdirilməsi, hüquqi maarifləndirmə, hüquqi ekspertizanın aparılması və hüquqi tənzimləmənin təsirinin qiymətləndirilməsi, habelə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla Azərbaycan Respublikasında hüquqi islahatların həyata keçirilməsinə dair təkliflər hazırlanması və bunlarla bağlı işlərin səmərəli əlaqələndirilməsi sahəsində fəaliyyət göstərir.

HEQT Mərkəzinin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri (sədr olmaqla), Konstitusiya Məhkəməsinin hakimi, Azərbaycan Respublikası Milli Məclisi Aparatının rəhbəri, Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinin müdiri və Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektorundan ibarət dövlət başçısının 2022-ci il 20 may tarixli 3268 nömrəli Sərəncamı ilə təsdiq edilmiş tərkibdə yaradılmış Müşahidə Şurası, cari rəhbərliyi isə Müşahidə Şurasının vəzifəyə təyin etdiyi İcraçı direktor həyata keçirir.

Ötən bir il ərzində HEQT Mərkəzi, Nizamnaməsi ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərindən irəli gələrək təşkilati, funksional və digər zəruri tədbirləri həyata keçirmişdir. Belə ki, HEQT Mərkəzi ilk növbədə fəaliyyətinin səmərəli təşkili üçün şəffaf prosedurlarla keçirilmiş müsabiqə nəticəsində normayaratma sahəsi üzrə yüksək ixtisaslı mütəxəssislərlə komplektləşdirilmiş, həmin dövrdən vəzifələrinin bilavasitə icrasına başlamış, öz fəaliyyətinin təmini, maddi-texniki bazasının formalaşdırılması istiqamətində təşkilati işlər görmüş, habelə normayaratma fəaliyyəti ilə əlaqədar müvafiq təlimatlar hazırlamışdır.

Həmçinin, HEQT Mərkəzi sağlam rəqabət mühitinin təmin edilməsi, azad sahibkarlığın dəstəklənməsi, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması, maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarə edilməsi, ödəniş xidmətləri üzrə hüquqi bazanın təkmilləşdirilməsi, innovativ sahibkarlığın stimullaşdırılması, media fəaliyyəti, habelə digər sahələrdə ümumilikdə 300-ə qədər normativ hüquqi aktların layihələrinin hazırlanmasında və hüquqi ekspertizasının aparılmasında iştirak etmiş, bununla əlaqədar dövlət qurumları ilə işgüzar əlaqələr qurmuşdur.

Bununla yanaşı hüquqi boşluqların və qanunvericilikdə kolliziyaların aşkar edilməsi və aradan qaldırılması, habelə hüququn müxtəlif sahələri üzrə tədqiqatlar, təhlillər və ümumiləşdirmələr apararaq qanunvericiliyin təkmilləşdirilməsi məqsədi ilə normativ hüquqi aktların layihələrini hazırlamış, həmçinin dövlət və qeyri-dövlət qurumlarının müraciəti əsasında qanunvericiliyə dəyişikliklərin edilməsi ilə bağlı təkliflərə dair rəylər vermişdir.

Eyni zamanda HEQT Mərkəzi Hüquq və İnsan Haqları İnstitutu ilə birgə hüquqi aktların Azərbaycan dilindən xarici dillərə və xarici dillərdən Azərbaycan dilinə tərcümə edilməsi, normativ hüquqi aktların elmi-praktiki kommentariyasının hazırlanması və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərindən irəli gələrək aidiyyəti dövlət qurumlarının əməkdaşları üçün təlimlərin keçirilməsini təmin etmişdir.

Bundan başqa HEQT Mərkəzi təlim materialları hazırlayaraq bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının hüquq sahəsində fəaliyyət göstərən əməkdaşlarına hüquqi biliklərinin və təcrübələrinin artırılması üçün normayaratma fəaliyyəti, hüquq normalarının tətbiqi sahəsində təlimlər keçirib və hazırda belə təlimlərin digər mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, dövlətə məxsus olan hüquqi şəxslərin də müvafiq əməkdaşlarına mərhələli şəkildə təşkili üçün tədbirlər görür.

Qeyd olunanlarla yanaşı, HEQT Mərkəzinin əməkdaşlarının peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədi ilə beynəlxalq ekspertlərin səfərləri, mütəxəssis missiyaları, ölkə daxilində və xaricində ezamiyyətlər, təcrübə mübadiləsi təşkil edilməklə belə tədbirlərin mütəmadiliyinə xüsusi diqqət yetirilir. Həmçinin, bu və digər məqsədlərlə beynəlxalq və regional təşkilatlarla əməkdaşlığın qurulması istiqamətində addımlar atılır, yerli qurumlarla əməkdaşlıq perspektivləri barədə müzakirələr aparılır və birgə tədbirlər həyata keçirilir.

Bir il ərzində mərkəzi və yerli icra hakimiyyəti orqanlarından, qurumlardan və vətəndaşlardan HEQT Mərkəzinə ümumilikdə daxil olmuş 100-dən artıq müraciətə qanunvericiliyə uyğun baxılaraq cavablandırılmışdır.Beləliklə, HEQT Mərkəzi yarandığı tarixdən Nizamnaməsi ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq göstərilənlərlə yanaşı, qarşısında duran digər vəzifələrin də effektiv icrası üçün zəruri tədbirlərin görülməsini davam etdirir.