Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi normayaratma fəaliyyəti və hüquq normalarının tətbiqi sahəsində mərkəzi icra hakimiyyəti orqanlarının və dövlətin hüquqi şəxslərinin əməkdaşlarına növbəti təlim keçirib

18 декабря 2023 | 10:30 649

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 19 may tarixli 1685 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin Nizamnaməsi”nə uyğun olaraq HEQT Mərkəzi tərəfindən cari ilin 11 - 15 dekabr tarixlərində 3 mərkəzi icra hakimiyyəti orqanının və 6 dövlətin hüquqi şəxsinin hüquq sahəsində fəaliyyət göstərən 10 əməkdaşına hüquqi biliklərinin və təcrübələrinin artırılması üçün normayaratma fəaliyyəti və hüquq normalarının tətbiqi sahəsində təlim keçirilmişdir.

Təlim müddətində normayaratma prosesinin əsas xüsusiyyətləri, hüquqi aktların növləri və qəbul edilmə qaydası, normativ hüquqi aktların kolliziyası, qanunvericilikdə boşluqlar və onların aradan qaldırılması üsulları, hüquqi aktların layihələrinin hazırlanması və normayaratma orqanına təqdim edilməsi, normayaratma texnikası və hüquqi akt layihəsinin hazırlanmasına dair ümumi tələblər, normativ hüquqi akt layihəsinin məcburi hüquqi ekspertizasının, o cümlədən sui-istifadəyə məruz qalmasına dair ekspertizasının keçirilməsi qaydaları və nəticələrinin rəsmiləşdirilməsi, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması və ya ləğv edilməsi qaydaları və digər məsələlər barədə müfəssəl məlumat verilmişdir. Təlim zamanı sözügedən mövzularla əlaqədar iştirakçılarla interaktiv müzakirələr aparılmış, habelə normativ hüquqi aktın layihəsinin hazırlanması, məcburi hüquqi ekspertizasının aparılması, nöqsan və çatışmazlıqların aşkar edilməsi üzrə praktik iş yerinə yetirilmişdir.