“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununda şəhid ailəsinin üzvlərinə verilən təminatların dairəsi ilə bağlı dəyişiklik edilib

17 декабря 2024 | 15:14 184

Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli Qanunu ilə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilərək şəhid ailəsi statusunu almış ailənin üzvlərinə verilən təminatların dairəsi genişləndirilib.

Belə ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununda edilən sözügedən dəyişikliyə əsasən yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəhid ailəsinin üzvü vəfat etdiyi, habelə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəxsə sonradan şəhid statusu verildiyi halda, həmin uçot onun ailə üzvləri üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş qaydada saxlanılır.

Qeyd olunmalıdır ki, şəhid ailəsinin üzvləri ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində təhsil alanlar isə həmin təhsil müəssisələrini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr hesab olunurlar. 

Məlumat üçün bildirilir ki, Qanuna edilmiş sözügedən dəyişiklikdən irəli gələrək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 20 noyabr tarixli 485 nömrəli Qərarı ilə “Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəhid ailəsinin üzvü vəfat etdiyi, habelə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəxsə sonradan şəhid statusu verildiyi halda, həmin uçotun onun ailə üzvləri üçün saxlanılması Qaydası” (bundan sonra - Qayda) təsdiq edilmişdir.

Qeyd olunan Qaydaya əsasən şəhid ailəsi üzvlərinin birgə razılığı əsasında ailənin yetkinlik yaşına çatmış üzvlərindən biri (belə şəxs olmadıqda qəyyum (himayəçi), patron (köməkçi) və ya vəkil edilmiş şəxs) (bundan sonra – təmsilçi) uçota alınmış şəxsin vəfat etdiyi gündən etibarən 3 ay müddətində onun yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alındığı müvafiq yerli icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına (bundan sonra - uçota alınmanı həyata keçirən orqan) və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzləri”nə ərizə ilə müraciət edir.

Ərizənin forması Qaydanın 1 nömrəli əlavəsi ilə müəyyən edilmişdir. Qaydanın 2.2-ci bəndinə əsasən ərizə ilə birlikdə aşağıdakı sənədlər təqdim edilməlidir:

1. təmsilçinin və digər ailə üzvlərinin şəxsiyyətini təsdiq edən sənədlərin surəti;

2. Qaydanın 2 nömrəli əlavəsinə uyğun təmsilçilik barədə ərizə (yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin və ya “ASAN xidmət” Mərkəzinin yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında arayışına əsasən notarial qaydada təsdiq edilir);

3. uçota alınmış şəxsin ölümü haqqında şəhadətnamənin surəti;

4. yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəxsə sonradan şəhid statusu verildiyi halda, sonradan şəhid statusu verilməsi haqqında arayış.

Yuxarıda qeyd olunan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatlar təmsilçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi təmsilçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya təmsilçi tərəfindən təmin edilir.

Sənədlərin təqdim edildiyi gündən 30 iş günündən gec olmayaraq uçota alınmanı həyata keçirən orqan tərəfindən təmsilçinin uçota alınmış şəxsin əvəzinə uçota alınması və ya bundan imtina edilməsi barədə qərar qəbul edilir.

Uçota alınmış şəxsin uçotunun onun ailə üzvləri üçün saxlanılmasından aşağıdakı hallarda imtina edilir:

1. Qaydanın 2.2-ci bəndində qeyd olunan sənədlər təqdim edilmədikdə (bu hal aradan qaldırıldıqdan sonra yenidən müraciət edilə bilər);

2. uçota alınmış şəxsin vəfat etməsi ilə onun ailə üzvlərinin sərəncamında olan yaşayış sahəsinin (sahələrinin) Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 49.5-ci maddəsi ilə müəyyən edilmiş uçot normasına əsasən ailə üçün kifayət etdiyi müəyyən edildikdə;

3. təmsilçi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq ləyaqətsiz vərəsə hesab edildikdə (bu halda digər ailə üzvləri yenidən müraciət edə bilər).

Uçota alınmış şəxsin uçotunun onun ailə üzvləri üçün saxlanılmasından imtina edilməsi haqqında qərarın surəti onun qəbul edildiyi gündən 3 iş günündən gec olmayaraq təmsilçiyə şəxsən təqdim edilir və ya poçt vasitəsilə göndərilir. Həmin qərardan təmsilçi tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati icraat qaydasında və ya məhkəmə qaydasında şikayət verilə bilər.