“Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının yeni Qanunu qəbul edilib

12 мая 2025 | 16:44 184

Azərbaycan Respublikasının “Diplomatik xidmət haqqında” 2024-cü il 27 dekabr tarixində yeni Qanunu qəbul edilib. Həmin Qanunun qəbulu ilə “Diplomatik xidmət haqqında” 2001-ci il 8 iyun tarixli 137-IIQ nömrəli əvvəlki Qanun ləğv edilib.

Yeni Qanun Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının fəaliyyət istiqamətlərini və funksiyalarını, bu orqanlarda xidmətin hüquqi əsaslarını və təşkili qaydalarını, eləcə də diplomatik xidmət orqanı əməkdaşlarının hüquqi vəziyyətinin əsaslarını, onların və ailə üzvlərinin maddi təminatı və sosial müdafiəsi ilə bağlı məsələləri tənzimləyir.

Qanunda diplomatik xidmət orqanlarının vahid sistemi daha dəqiq göstərilib, o cümlədən diplomatik nümayəndəliklərin və konsulluqların növləri (səfirlik, təmsilçilik ofisi, daimi nümayəndəlik, nümayəndəlik və konsulluq), onların hüquqi statusu və təsis olunma qaydaları müəyyən olunub. Eləcə də, diplomatik xidmət orqanlarının tabeliyində təhsil, elmi tədqiqat və mədəniyyət müəssisələri, eləcə də digər hüquqi şəxslərin yaradılması imkanı nəzərdə tutulub (4-cü maddə).

Həmçinin, yeni Qanunda diplomatik xidmət orqanlarının fəaliyyət istiqamətləri və funksiyaları daha da genişləndirilib və təkmilləşdirilib. Belə ki, bu orqanlara xaricdəki nümayəndə heyətlərinin fəaliyyətini əlaqələndirmək, beynəlxalq yardım fəaliyyətində iştirak etmək, beynəlxalq məhkəmə və arbitrajlarda milli maraqları müdafiə etmək, həmçinin Milli Məclisin beynəlxalq əlaqələrinə dəstək vermək kimi yeni səlahiyyətlər verilib (5-ci və 6-cı maddələr).

Bundan əlavə, Qanunda diplomatik xidmət orqanı əməkdaşlarının əsas hüquq və vəzifələri, onların fəaliyyətinə dair məhdudiyyətlər (7-9-cu maddələr), həmçinin həvəsləndirilmə və nizam-intizam məsələləri ətraflı tənzimlənib (10 və 11-ci maddələr).

Eyni zamanda yeni Qanunda diplomatik xidmətə qəbul olunmayan şəxslərin dairəsi (məs., ikili vətəndaşlığı olanlar, din xadimləri və s.), diplomatik xidmətə qəbulun müsabiqə əsasında keçirilməsi, staj və sınaq keçmə, vakant vəzifələrin tutulması, diplomatik xidmət əməkdaşının andı, xidməti vəsiqəsi və şəxsi işi ilə bağlı əvvəlki Qanunda nəzərdə tutulmayan yeni normalar öz əksini tapmışdır (17-21-ci maddələr).

Əməkdaşların əməyinin ödənilməsi və mükafatlandırılması üzrə müddəalar da təkmilləşdirilib (12-ci maddə). Habelə, diplomatik xidmət orqanı əməkdaşlarının və ailə üzvlərinin təminatı və kompensasiyaları ilə bağlı yeni imkanlar nəzərdə tutulub. Bu imkanlara diplomatik xidmət orqanı əməkdaşlarının övladlığa götürdükləri şəxslərə görə təhsil müavinətinin ödənilməsi, ailə üzvlərinin diplomatik nümayəndəliklərdə işləməsi və digər sosial təminat mexanizmləri daxildir (13-cü maddə).

Diplomatik xidmət orqanlarındakı diplomatik vəzifələr Xarici İşlər Nazirliyində, diplomatik nümayəndəlikdə və konsulluqda mövcud olmaqla qruplaşdırılıb, bu vəzifələr üzrə diplomatik rütbələr, onların verilməsi və müddətləri, habelə rütbədən məhrumetmə halları dəqiq müəyyən edilib (14-cü və 15-ci maddələr).

Qeyd olunanlardan başqa, yeni Qanunda əməkdaşların xidməti fəaliyyətinin qiymətləndirilməsi və attestasiyası, əlavə təhsili, rotasiyası və beynəlxalq təşkilatlarda işləməyə göndərilməsi daha təkmil tənzimlənib (22-25-ci maddələr). Həmçinin diplomatik xidmət orqanı əməkdaşının geri çağırılması, sərəncamda olması, vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırılması və xidmətdə olmanın yaş həddi, eləcə də xidmətə xitam verilmə halları və qaydası ilə bağlı yeni və dəqiq tənzimləmələr müəyyən olunub (26-30-cu maddələr).