Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi tərəfindən keçiriləcək normayaratma təlimləri barədə elan
Dövlət orqanlarının (qurumlarının) nəzərinə
Azərbaycan Respublikası Prezidentinin 19 may 2022-ci il tarixli 1685 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin Nizamnaməsi”nin 3.1.10-cu yarımbəndinə əsasən dövlət orqanlarının (qurumlarının) sifarişi ilə həmin dövlət orqanlarında (qurumlarında) hüquq sahəsində fəaliyyət göstərən əməkdaşların hüquqi bilik və təcrübələrinin artırılması məqsədilə normayaratma fəaliyyəti və hüquq normalarının tətbiqi sahəsində təlimlərin keçirilməsi Mərkəzin vəzifələrinə aid edilmişdir.
Bununla əlaqədar bildiririk ki, cari ilin aprel-may ayında normayaratma fəaliyyəti üzrə növbəti təlimin keçirilməsi planlaşdırılır.
Təlim proqramı aşağıdakı mövzuları əhatə edir:
- Hüquqi aktların növləri və qəbul edilmə xüsusiyyətləri;
- Normativ hüquqi aktların kolliziyası;
- Qanunvericilikdə boşluqlar və onların aradan qaldırılması üsulları;
- Normayaratma prosesi, normayaratma texnikası və layihələrin hazırlanmasına dair ümumi tələblər;
- Normativ hüquqi aktın qəbul edilməsinin zərurətinin əsaslandırılması sənədinin hazırlanması;
- Hüquqi akt layihəsinin təqdim edilməsi, baxılması, qəbul edilməsi, rəsmi dərc edilməsi və qüvvəyə minməsi;
- Normativ hüquqi akt layihələrinin məcburi hüquqi ekspertizasının, o cümlədən sui-istifadə risklərinə dair ekspertizasının keçirilməsi qaydaları və nəticələrinin rəsmiləşdirilməsi, habelə normayaratma fəaliyyəti ilə bağlı digər məsələlər.
Təlimlər zamanı iştirakçıların mövzuları daha yaxşı mənimsəmələri məqsədilə interaktiv təlim metodlarından istifadə olunacaq, o cümlədən praktik tapşırıqlar üzərində iş aparılacaqdır.
Təlimi uğurla başa vuran iştirakçılara müvafiq sertifikatlar təqdim ediləcəkdir.
Qeyd olunanları nəzərə alaraq, hüquq sahəsində fəaliyyət göstərən əməkdaşların təlimdə iştirakının təmin olunması məqsədilə namizədlərin siyahısının Mərkəzə təqdim olunması xahiş olunur.
Bu təlim, habelə cari il ərzində Mərkəz tərəfindən keçiriləcək digər təlimlər barədə əlavə məlumatı əlaqələndirici şəxs – Arzu Qitəliyevadan (telefon: 012 526-40-51, elektron poçt: a.gitaliyeva@heqt.gov.az və ya office@heqt.gov.az) əldə edə bilərsiniz.