“Arbitraj haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minib
“Arbitraj haqqında” Azərbaycan Respublikasının Qanunu 2024-cü il 25 yanvar tarixində qüvvəyə minmişdir. Həmin Qanun qüvvəyə mindiyi gündən “Beynəlxalq arbitraj haqqında” Azərbaycan Respublikasının Qanunu ləğv edilmişdir.
Məlumat üçün bildirilir ki, “Arbitraj haqqında” qanunun layihəsi “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli Sərəncamının 1-ci hissəsi ilə yaradılmış Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın təsdiq etdiyi “Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Mübahisələrin həlli” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsi”nin 2.1.1-ci yarımbəndinin icrasının təmin edilməsi məqsədi ilə hazırlanmışdır.
Qanun layihəsi Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq ticarət hüququ üzrə Komissiyasının “Beynəlxalq Ticarət Arbitrajı haqqında” 1985-ci il tarixli (2006-cı ildə edilmiş dəyişikliklərlə) model UNCİTRAL Qanunu (UNCITRAL Model Law on International Commercial Arbitration) və UNCİTRAL Arbitraj Qaydaları (2010-cu ildə nəzərdən keçirilmiş versiyası) (UNCITRAL Arbitration Rules), habelə “Xarici arbitraj qərarlarının tanınması və icrası haqqında” 1958-ci il 10 iyun tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla tərtib edilmiş və aidiyyəti qurumların, ixtisaslaşmış təşkilatların habelə müstəqil ekspertlərin təklifləri nəzərə alınaraq təkmilləşdirilmişdir.
HEQT Mərkəzi “Arbitraj haqqında” qanun layihəsinin hüquqi ekspertizasının aparılmasında və bununla əlaqədar layihənin təkmilləşdirilməsində iştirak etmişdir.
Nəzərə alınmalıdır ki, “Arbitraj haqqında” Azərbaycan Respublikasının Qanunu arbitrajın həyata keçirilməsi ilə bağlı yaranan ictimai münasibətləri tənzimləyir, arbitraj sazişinə dair tələbləri, Azərbaycan Respublikasında arbitraj məhkəmələrinin və daimi arbitraj təşkilatlarının təşkili, fəaliyyət göstərməsi, arbitraj icraatının aparılması, arbitraj qərarlarının tanınması və icrası qaydalarını müəyyən edir.
Eyni zamanda bildirilir ki, xarici investorların, o cümlədən Azərbaycan Respublikası ilə iqtisadi əlaqələri olan digər şəxslərin Azərbaycan Respublikasında arbitrajın həyata keçirilməsini tənzimləyən hüquqi baza haqqında məlumata əlçatanlığının təmin edilməsi və bununla da Azərbaycan Respublikasında əlverişli biznes və investisiya mühitinin təşviq edilməsinə töhfə vermək məqsədilə “Arbitraj haqqında” Azərbaycan Respublikası Qanununun ingilis dilinə tərcüməsi hazırlanmışdır. Həmin tərcümənin düzgünlüyü və tamlığı HEQT Mərkəzi tərəfindən yoxlanılaraq təsdiq edilmişdir.
Yoxlanılmış və təsdiq edilmiş yekun tərcümə HEQT Mərkəzinin rəsmi internet saytında yerləşdirilmişdir. Aşağıdakı link vasitəsilə həmin tərcümə ilə tanış olmaq olar: