Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin İcraçı direktoru Baş Prokurorluğun təşkilatçılığı ilə keçirilən Elmi-Praktiki Konfransda iştirak edib

24 iyun 2024 | 17:00 116

Cari ilin 24 iyun tarixində Xankəndi şəhərində Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin İcraçı direktoru Samir Mahmudov Baş Prokurorluğun təşkilatçılığı ilə keçirilən “Ətraf Mühitinin Gücləndirilməsində Maarifləndirmə və Hüquq Mühafizə Tədbirlərinin rolu” mövzusunda Elmi-Praktiki Konfransda iştirak etmişdir.

Baş prokuror Kamran Əliyevin sədrliyi ilə keçirilən tədbirdə ətraf mühitin qorunmasında ekoloji maarifləndirmənin əhəmiyyəti, ekoloji pozuntuların qarşısının alınması və müvafiq qaydalara əməl olunmasını təmin etmək üçün hüquq mühafizə tədbirlərinin vacibliyi barəsində müzakirələr aparılmışdır.

Həmçinin qeyd edilmişdir ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir.

Eyni zamanda konfrans iştirakçıları tərəfindən “Azərbaycan Respublikasında ekoloji siyasətə dair” və “Azərbaycan Respublikasında ekoloji hüquqpozmalara qarşı mübarizə” mövzularında videoçarxlar izlənilmiş, “Azərbaycan Respublikası ərazisində ağackəsmə cinayətləri və inzibati xətaların araşdırılmasının xüsusiyyətləri ilə əlaqədar” metodik vəsaitin və “Ətraf mühitin mühafizəsinin hüquqi əsasları” adlı vəsaitin təqdimatı keçirilmişdir.