Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin 2024-cü ilin birinci yarımili üzrə fəaliyyətinə dair Müşahidə Şurasının iclası keçirilib

02 iyul 2024 | 10:00 196

Cari ilin 2 iyul tarixində Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin 2024-cü ilin birinci yarımili üzrə fəaliyyətinə dair Müşahidə Şurasının iclası keçirilmişdir. İclası giriş nitqi ilə açan Müşahidə Şurasının sədri Gündüz Kərimov gündəlikdə olan məsələləri iştirakçıların diqqətinə çatdırdı.

Daha sonra HEQT Mərkəzinin İcraçı direktoru Samir Mahmudov çıxış edərək, cari ilin birinci yarımili üzrə Mərkəzin fəaliyyəti, onun təşkili ilə əlaqədar görülmüş işlər barədə iclas iştirakçılarına ətraflı məlumat verdi. Həmçinin bildirildi ki, bu yarımil ərzində Mərkəzin fəaliyyətinin təmin edilməsi ilə əlaqədar  işçilərinin say həddi 5 vahid artırılmaqla müvafiq vəzifələrə təyinatlar aparılmışdır.

Qeyd olundu ki, HEQT Mərkəzi 2024-cü ilin birinci yarımilində də Nizamnaməsinə müvafiq olaraq normativ hüquqi aktların keyfiyyətinin artırılması, hüquqi maarifləndirmə, hüquqi ekspertizanın aparılması və hüquqi aktların layihələrinin hazırlanması sahəsində fəaliyyətini davam etdirmişdir. Göstərilənlərlə əlaqədar iclas iştirakçılarına geniş məlumat verildi.

Eyni zamanda dövlət qurumlarının müvafiq əməkdaşları üçün normayaratma fəaliyyəti və hüquq normalarının tətbiqi sahəsində keçirilən təlimlərin səmərəliliyinin artırılması  istiqamətində, həmçinin hüquqi tərcümə ilə bağlı görülmüş işlər barədə məlumat verildi.

Bundan başqa bildirildi ki, HEQT Mərkəzinin təşəbbüsü ilə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın tərkibində təşkil olunan, Mərkəzin rəhbərlik etdiyi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin təkmilləşdirilməsi” işçi qrupu fəaliyyətini cari ilin birinci yarısında aktiv şəkildə davam etdirərək bir sıra tədbirlər görmüşdür.

Daha sonra cari ilin birinci yarımili ərzində HEQT Mərkəzinin əməkdaşlarının peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədi ilə ölkə daxilində və xaricində ezamiyyətlərin, təcrübə mübadiləsinin təşkili, yerli qurumlarla əməkdaşlıq, Mərkəzə daxil olmuş müraciətlərin qanunvericiliyə müvafiq olaraq cavablandırılması, habelə Nizamnamə ilə nəzərdə tutulmuş hüquq və vəzifələrin həyata keçirilməsi istiqamətində görülmüş digər işlər haqqında ətraflı məlumat verildi.

İclasda HEQT Mərkəzinin 2024-cü ilin birinci yarımilliyi üzrə fəaliyyətinə dair hesabatda qeyd olunan məsələlər ətrafında müzakirələr və fikir mübadiləsi aparılmışdır.