Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin əməkdaşı Konstitusiya Məhkəməsi Plenumunun iclasında iştirak edib

12 avgust 2024 | 14:00 141

 Cari ilin 21 iyun tarixində Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin əməkdaşı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsi və 71-ci maddəsi baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 442-ci, 443-cü, 444-cü, 445-ci, 447-ci və 449-cu maddələrinin əlaqəli şəkildə şərh edilməsi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenum iclasında iştirak edib.

 Plenum iclasında məhkəmə nəzarətinin predmetini təşkil edən hərəkət və ya qərarlardan ibtidai araşdırma mərhələsi ilə yanaşı məhkəmə icraatı dövründə də  şikayətlərə baxılaraq qərar qəbul edilməsinin qanuniliyi, həmçinin məhkəmə nəzarəti qaydasında qəbul edilən qərarın işə mahiyyəti üzrə baxan məhkəmə üçün preyudisial əhəmiyyəti, bununla da  məhkəməni sübutların araşdırılmasından məhrum etməsi ilə bağlı təcrübədə yaranan fikir ayrılığının aradan qaldırılması və hüquqi müəyyənlik prinsipinin təmin olunması məqsədilə Şirvan Apellyasiya Məhkəməsinin Konstusiya Məhkəməsinə ünvanladığı sorğu müzakirə edilmişdir.

 Sorğuda qeyd edilən məsələlərlə bağlı Şirvan Apellyasiya Məhkəməsinin, Milli Məclisin Aparatının, Ali Məhkəmənin, Vəkillər Kollegiyasının mülahizələri, ekspertlərin rəyləri dinlənilmişdir. Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin nümayəndəsi də Plenum iclasında çıxış edərək məhkəmə nəzarətinin predmetini təşkil edən qərar və ya hərəkətlərdən ibtidai araşdırma mərhələsi ilə yanaşı məhkəmə icraatında şikayət verilməsinin mümkünlüyü, məhkəmə nəzarəti qaydasında çıxarılan qərarların preyudisial əhəmiyyəti, məhkəmə nəzarəti qaydasında icraat və cinayət mühakimə icraatı arasındakı fərqlərlə bağlı Mərkəzin mövqeyini bildirmişdir.

 Sözügedən sorğu ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu 25 iyun tarixində qərar qəbul edib. Həmin qərara əsasən Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsi və 71-ci maddəsi baxımından məhkəmə nəzarəti cinayət mühakimə icraatı üzrə məhkəməyədək icraat mərhələsi ilə məhdudlaşmayaraq, cinayət işlərinə mahiyyəti üzrə baxılması Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 442-454-ci maddələri üzrə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət verilməsini istisna etmir.

 Həmçinin həmin qərara əsasən məhkəmə nəzarəti qaydasında icraat və cinayət mühakimə icraatı fərqli və müstəqil icraat növləri olduğundan cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəmə nəzarəti qaydasında şikayətin verilməsi müvafiq cinayət mühakimə icraatına müdaxilə kimi qiymətləndirilə bilməz.