Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin I hissəsi baxımından Mülki Məcəlləsinin 673.1.2-ci və 673.3-cü maddələrinin şərh edilməsinə dair qərar qəbul edib

06 may 2024 | 23:30 58

Cari ilin 26 aprel tarixində Konstitusiya Məhkəməsinin Plenumu Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin I hissəsi baxımından Mülki Məcəlləsinin 673.1.2-ci və 673.3-cü maddələrinin şərh edilməsinə dair konstitusiya işinə baxaraq qərar qəbul edib.

Qərarın qəbulu zamanı iş üzrə maraqlı subyektlərin, aidiyyəti qurumların mülahizələri, ekspert rəyləri araşdırılıb. Eyni zamanda Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi tərəfindən də baxılan məsələ ilə bağlı aidiyyəti qanunvericiliyin təhlili və xarici təcrübənin araşdırılması əsasında Konstitusiya Məhkəməsinə yazılı mülahizə təqdim edilib.

Qərara əsasən Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin I hissəsinin tələbləri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2-ci maddəsində nəzərdə tutulan “ailə hüquq münasibətlərinə uyğun olaraq hədiyyə alanın üzərinə qoyulmuş vəzifələr” müddəası ailə qanunvericiliyi ilə müəyyən edilən hallarda və həddə əmlak və şəxsi qeyri-əmlak münasibətlərindən irəli gələn vəzifələri ehtiva edir. Mülki Məcəllənin 673.1.2-ci maddəsinin dispozisiyasında əks olunan “kobudcasına pozulduqda” müddəası qiymətləndirmə tələb etdiyindən, məhkəmələr tərəfindən bağışlamaqdan imtina məsələsi həll edilərkən işin hallarından asılı olaraq hədiyyə alanın ailə hüquq münasibətlərinə uyğun onun üzərinə qoyulmuş vəzifələrin pozulmasının nədən ibarət olması dəqiq olaraq müəyyən edilməlidir.

Həmçinin, qərarda bağışlama müqaviləsinin nə zaman bağlanılmasından asılı olmayaraq, bağışlamaqdan imtinaya əsas verən hallar hədiyyə verənə məlum olduğu gündən Mülki Məcəllənin 673.3-cü maddəsində müəyyən edilmiş bir illik müddətin keçməsi ilə hədiyyə verənin bağışlamaqdan imtina hüququna xitam verilməsi nəzərdə tutulur.