Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair Qərar qəbul edib
Cari ilin 26 dekabr tarixində Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Ali Məhkəməsinin sorğusu əsasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxaraq qərar qəbul edib.
Qərarın qəbulu zamanı iş üzrə maraqlı subyektlərin, aidiyyəti qurumların mülahizələri, ekspert rəyləri araşdırılıb. Eyni zamanda Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi tərəfindən də baxılan məsələ ilə bağlı mütərəqqi xarici təcrübə və bir sıra elmi mənbələr təhlil edilməklə Konstitusiya Məhkəməsinə yazılı mülahizə təqdim olunub.
Qərara əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və sözügedən Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir.
Həmçinin, qərarda Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin sözügedən qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Milli Məclisə tövsiyə edilib.
Bundan əlavə mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından həmin qərarın onun qüvvəyə minməsindən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi nəzərdə tutulur.