Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin əməkdaşı “Mübahisələrin həlli, məhkəmə sistemi və hüququn aliliyi” işçi qrupunun iclasında iştirak edib

18 sentyabr 2024 | 15:00 266

Cari ilin 17 sentyabr tarixində Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin Publik hüququn ekspertizası şöbəsinin müdiri Rauf Vəliyev Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Mübahisələrin həlli, məhkəmə sistemi və hüququn aliliyi” işçi qrupunun geniş tərkibdə keçirilən iclasında üzv qismində iştirak edib. İclasda Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Katibliyi, Ədliyyə Nazirliyinin, Ali Məhkəmənin, Bakı Apellyasiya Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının əməkdaşları, İqtisadiyyat Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Mediasiya Şurasının nümayəndələri və İşçi qrupun digər üzvləri, o cümlədən özəl sektorun nümayəndələri iştirak ediblər.

Tədbirdə İşçi qrupun ötən illərdəki fəaliyyəti və bu fəaliyyət nəticəsində əldə edilən nailiyyətlərdən danışılıb, 2024-cü il üzrə əsas hədəfləri əhatə edən Yol Xəritəsinin əksər tədbirlərinin artıq icra edildiyi qeyd olunub.

Eyni zamanda elektron məhkəmə sisteminin inkişafı, habelə məhkəmələrin və digər orqanların qərarlarının operativ icrası və effektivliyinin artırılması istiqamətində qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsi üzrə işlərin aparıldığı, mediasiyanın rəqəmsallaşdırılması, icra və məhkəmə statistikası ilə bağlı məlumatların açıqlığının təmin edilməsi məqsədi ilə təşkilati tədbirlərin görüldüyü bildirilib.

Həmçinin, iclasda mübahisələrin həllinin ən rahat və çevik həll yollarından olan arbitraj proseslərinin tənzimlənməsi sahəsində ən son yeniliklər, o cümlədən yeni qəbul edilmiş qanunvericilik aktları barədə məlumatlar səsləndirilib.

Tədbirdə işçi qrupun fəaliyyət sahəsi üzrə qanunvericiliyin təkmilləşdirilməsinə dair vəkillərin və özəl sektor nümayəndələrinin təklifləri dinlənilib, aidiyyəti məsələlərlə  əlaqədar müzakirələr aparılıb.