Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin əməkdaşı COP29 öncəsi Bakıda “İqlim dəyişiklikləri və məcburi yerdəyişmələr” mövzusunda keçirilən tədbirdə iştirak edib

30 oktyabr 2024 | 11:00 199

Cari ilin 29 oktyabr tarixində Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin Publik hüququn ekspertizası şöbəsinin müdiri Rauf Vəliyev Bakı Dövlət Universitetinin Hüquq fakültəsi, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı Nümayəndəliyi və Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “İqlim dəyişiklikləri və məcburi yerdəyişmələr” mövzusunda keçirilən tədbirdə iştirak edib.

Akademik dairələr, dövlət qurumları, beynəlxalq təşkilatlar və hüquq sahəsinin mütəxəssislərindən olan nümayəndələrin iştirak etdiyi tədbirdə BMT-nin Rezident Əlaqələndiricisinin Ofisinin rəhbəri Kanako Mabuçi, BMT QAK-ın Hüquq şöbəsinin müdiri İvan Çarnetski, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktor vəzifəsini icra edən Qədir Xəlilov və Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı Zaur Əliyevin açılış nitqləri dinlənilib.

Tədbir iqlim dəyişikliyi və məcburi yerdəyişmələr arasında əlaqəni işıqlandırmaq və qlobal iqlim böhranının iqlim dəyişikliyi səbəbindən yaşadığı ölkəni tərk etmək məcburiyyətində qalan insanlara və vətəndaşlığı olmayan şəxslərə hansı şəkildə qeyri-proporsional təsir göstərdiyini müzakirə etmək məqsədi daşıyıb.

Daha sonra “İqlim ədalətliliyi prinsipi”, “İqlim dəyişmələri və miqrasiya məsələləri: çağırışlar və ədalətli həllər”, “Zorla didərgin salınmaya dair dayanıqlı həll yolları” və “İqlim dəyişikliyinin didərgin düşmüş və vətəndaşlığı olmayan şəxslərə təsiri” mövzularında çıxışlar edilib, “İqlim dəyişiklikləri və məcburi yerdəyişmələr” mövzusunda keçirilən inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb.