Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi Beynəlxalq Qanunvericilik Assosiasiyasına üzv olub

25 noyabr 2024 | 17:32 73

Cari ilin 7 noyabr tarixində Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi Beynəlxalq Qanunvericilik Assosiasiyasına üzv olub (https://ial-online.org/around-the-world/associations-and-universities/).

Beynəlxalq Qanunvericilik Assosiasiyası normayaratma proseslərinin və qanunvericiliyin keyfiyyətinin öyrənilməsi, təkmilləşdirilməsi və təşviqi sahəsində fəaliyyət göstərən qlobal təşkilatdır. Təşkilat ayrı-ayrı dövlətlərin normayaratma fəaliyyəti ilə məşğul olan müvafiq qurumları, hüquqşünasları və siyasətçiləri üçün fikir mübadiləsi aparmaq, qabaqcıl təcrübələri bölüşmək və hüquqi akt layihəsinin hazırlanması, hüquqi islahatlar və tənzimləmə ilə bağlı məsələlərdə əməkdaşlıq etmək üçün platforma rolunu oynayır.

Eyni zamanda qeyd olunmalıdır ki, cari ilin 21 noyabr tarixində keçirilən "Dünya üzrə normayaratma sahəsində yeni inkişaflar haqqında" Beynəlxalq Qanunvericilik Assosiasiyasının iclasında HEQT Mərkəzinin rəhbərliyi və əməkdaşları iştirak edib.

Polşa, Fransa, Braziliya, Azərbaycan, Koreya, Portuqaliya, Qana və Böyük Britaniyadan olan nümayəndələrin iştirak etdiyi iclasda Beynəlxalq Qanunvericilik Assosiasiyasının İdarə Heyətinin üzvü Prof. Dr. João Tiago Silveira  üzvləri salamlayaraq Assosiasiyaya yeni üzv olan Azərbaycanda fəaliyyət göstərən Mərkəzlə bağlı məlumat verib.

Daha sonra təşkilata üzv olan müxtəlif ölkə təşkilatlarının nümayəndələri öz ölkələrinin qanunvericiliyində baş verən son dəyişikliklərlə bağlı təqdimatla çıxış edib, əldə olunan təcrübələrdən danışıblar.

İclasda HEQT Mərkəzinin İcraçı direktoru Samir Mahmudov “Azərbaycanda son qanunvericilik inkişafı” mövzusunda təqdimatla çıxış edərək Mərkəzin fəaliyyəti, görülən işlər, Azərbaycanda qanunvericilik sahəsindəki son yeniliklərlə bağlı məlumat verib.

Daha ətraflı: https://ial-online.org/on-our-biannual-meeting-of-new-developments-in-legislative-drafting-21-november/