Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin 2024-cü il üzrə fəaliyyətinə dair Müşahidə Şurasının iclası keçirilib
Cari ilin 9 yanvar tarixində Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin 2024-cü il üzrə fəaliyyətinə dair Müşahidə Şurasının iclası keçirilib. İclası giriş sözü ilə açan Müşahidə Şurasının sədri Gündüz Kərimov gündəlikdə olan məsələləri iştirakçıların diqqətinə çatdırıb.
Daha sonra çıxış edən Mərkəzin İcraçı direktoru Samir Mahmudov ötən il üzrə Mərkəzin fəaliyyəti, o cümlədən işinin təşkili ilə əlaqədar görülən tədbirlər barədə iclas iştirakçılarına ətraflı məlumat verib.
Mərkəzin ötən ildə də Nizamnaməsinə müvafiq olaraq normativ hüquqi aktların keyfiyyətinin artırılması, hüquqi aktların layihələrinin hazırlanması, hüquqi ekspertizanın aparılması, bir sıra məsələlərlə bağlı rəylərin verilməsi, dövlət qurumları əməkdaşlarının hüquq normalarının tətbiqi sahəsində bilik, bacarıq və səriştələrinin inkişaf etdirilməsi və bunlarla bağlı işlərin səmərəli əlaqələndirilməsi sahəsində fəaliyyətini uğurla davam etdirdiyi diqqətə çatdırılıb.
Belə ki, il ərzində Mərkəz tərəfindən dövlət qurumları ilə bağlanılan müqavilə əsasında normativ hüquqi aktların layihələrinin hazırlanması və hüquqi ekspertizasının aparılması təmin edilib, həmçinin öz təşəbbüsü ilə ictimai münasibətlərin bəzi sahələri üzrə hüquqi aktların layihələri hazırlanaraq aidiyyəti qurumlara razılaşdırılması üçün təqdim olunub.
Mərkəz tərəfindən hesabat ilində dövlət qurumlarının hüquq sahəsində fəaliyyət göstərən əməkdaşlarının hüquqi biliklərinin və təcrübələrinin artırılması üçün normayaratma fəaliyyəti və hüquq normalarının tətbiqi sahəsində təlimlər keçirilib. Sözügedən təlimlərdə ümumilikdə 67 nümayəndə iştirak edib.
Eyni zamanda qeyd edilib ki, ötən ildə Mərkəzin təşəbbüsü ilə Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın tərkibində yaradılan “Azərbaycan Respublikası Mülki Məcəlləsinin təkmilləşdirilməsi” işçi qrupunun hibrid formatda iclasları keçirilib. İclasda Mülki Məcəllənin təkmilləşdirilməsi üzrə Konsepsiya sənədinin 1-ci və 2-ci fəsilləri əhatə edən hissələri, Mülki Məcəlləyə əlavə edilməsi nəzərdə tutulan 2-1-ci fəsil (“Qeyri-əmlak hüquqları”) üzrə hazırlanan Konsepsiya sənədinin layihəsi müzakirə edilib.
Daha sonra Samir Mahmudov Mərkəzin 2024-cü il 7 noyabr tarixində Beynəlxalq Qanunvericilik Assosiasiyasına üzv olduğunu, 21 noyabr tarixində isə həmin Assosiasiyanın "Dünya üzrə normayaratma sahəsində yeni inkişaflar haqqında" onlayn keçirilən iclasında rəhbərliyin və əməkdaşların iştirak etdiyini bildirib.
Mərkəzin fəaliyyətinin daha effektiv təşkili məqsədilə görülən işlərdən də danışılıb. Belə ki, Mərkəzdə yeni vəzifələrin təsis olunduğu, həmin vəzifələr və hüquqşünas ixtisasına aid yaranmış vakansiyalarla bağlı təyinatların aparıldığı bildirilib.
Həmçinin, Mərkəzin elektron sənəd dövriyyəsi sisteminə qoşulduğu, internet saytında təkmilləşdirilmələr aparılmaqla “Hüquqi ekspertiza”, “Hazırlanmış sənədlər”, “Hüquqi tərcümə”, “İzahedici qeydlər”, “Qanunvericiliyə dair təkliflər”, “Sual-cavab” və “Hesabatlar” kimi yeni bölmələrin də yaradıldığı qeyd olunub.
Hesabat dövrü ərzində Mərkəz tərəfindən peşəkar hüquqi tərcümə işinin səmərəli təşkil edilməsinin diqqətdə saxlanıldığını qeyd edən İcraçı direktor Mərkəzin saytındakı “Hüquqi tərcümə” bölməsində tərcümə edilən sənədlərin həmin bölmədə yerləşdirilməsinin təmin olunduğunu bildirib. Mərkəz və Hüquq və İnsan Haqları İnstitutu tərəfindən Azərbaycan dilinə tərcümə edilən “Xarici Arbitraj Qərarlarının Tanınması və İcrası haqqında” Nyu-York Konvensiyasının (The New York Convention on the Recognition and Enforcement of Foreign Arbitral Awards) Mərkəzin saytında, bu Konvensiyanın tərcümə edilmiş mətninin isə rəsmi mətnə uyğunluğunun (autentikliyinin) Xarici İşlər Nazirliyi tərəfindən təsdiq edilərək Hüquqi Aktların Dövlət Reyestrində yerləşdirildiyi vurğulanıb.
Eyni zamanda Mərkəzin saytında “İzahedici qeydlər” adlı xüsusi bölmənin yaradıldığı və 2024-cü il ərzində qəbul edilən bir sıra hüquqi aktlara dair izahedici qeydlərin sözügedən bölmədə yerləşdirildiyi qeyd olunub. Mərkəzin saytının “Hazırlanmış sənədlər” və “Hüquqi ekspertiza” bölməsində isə Mərkəz tərəfindən hüquqi ekspertizası aparılmış, hazırlanmış və qüvvəyə minmiş 83 hüquqi aktın yerləşdirilməsi təmin edilib.
İcraçı direktor ötən il ərzində Mərkəzin fəaliyyəti barədə rəsmi internet saytına 5800-dən artıq giriş, 16000-dən çox baxış, sosial şəbəkə hesablarında isə 56000-dən çox baxış qeydə alındığını bildirib.
Çıxışın sonunda Mərkəz tərəfindən hazırlanan müvafiq sənədlər Müşahidə Şurasının üzvlərinə təsdiq üçün təqdim edilib.
Bundan sonra, Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə ötən il ərzində görülmüş işlər və qarşıdakı planlar haqqında ətraflı məlumat verərək, bu müddət ərzində İnstitut tərəfindən Daxili İşlər Nazirliyinin bir sıra polis idarələrində və şöbələrində çalışan 110 polis əməkdaşı, yerli icra hakimiyyətinin orqanlarının 144 əməkdaşı, mərkəzi icra hakimiyyəti orqanlarının 184 əməkdaşına təlimlərin keçirildiyini qeyd edib. Həmçinin, İnstitut tərəfindən hazırlanan virtual kitabxanadan istifadəçilər tərəfindən 480 000-dən çox müxtəlif kontentin əldə edildiyini bildirib. İctimaiyyətin İnstitutun fəaliyyəti ilə bağlı məlumatlandırılması məqsədilə sosial şəbəkələr üzərindən 390-dan çox məlumat xarakterli paylaşımların olunduğunu diqqətə çatdırıb. Hesabat dövrü ərzində İnstitut tərəfindən “Heydər Əliyev: cinayətkarlıqla mübarizə” kitabının çap edilməsi, habelə bir sıra normativ hüquqi aktların insan hüquqları aspektindən ekspertizasının həyata keçirilməsi ilə bağlı məlumat verilib.
İclasda Mərkəzin 2024-cü il üzrə hesabatında qeyd olunan məsələlər ətrafında müzakirələr və fikir mübadiləsi aparılıb, yekunda Mərkəzin və İnstitutun 2024-cü il üzrə fəaliyyətləri Müşahidə Şurasının üzvləri tərəfindən qənaətbəxş hesab edilib.