Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin nümayəndələri Azərbaycanda ilk dəfə keçirilən regional “LEGIS Hüquq Forum”unda iştirak edib

06 fevral 2025 | 10:56 313

Cari ilin 5 fevral tarixində Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin İcraçı direktoru Samir Mahmudov, Xüsusi hüququn ekspertizası şöbəsinin müdiri Samir Tağıyev və Publik hüququn ekspertizası şöbəsinin baş mütəxəssisi Sahil Cəfərov PAŞA Holding və onun törəmə şirkətləri tərəfindən təşkil olunan Azərbaycanda ilk regional “LEGIS Hüquq Forumu”nda iştirak ediblər.

Tədbirin açılış mərasimində Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov, Baş prokuror Kamran Əliyev, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, iqtisadiyyat naziri Mikayıl Cabbarov, ədliyyə naziri Fərid Əhmədov, habelə PAŞA Holding-in Baş icraçı direktoru Cəlal Qasımov və Holding-in Qrup üzrə Hüquq və Komplayens Departamentinin direktoru Aytac Qasımova çıxış ediblər.

Qlobal və yerli spikerlərin çıxışları ilə yadda qalan forum çərçivəsində dövlət-özəl sektor əməkdaşlığının hüquqi aspektləri, arbitraj mexanizmlərinin artan rolu, hüquqi çərçivələrin gücləndirilməsi və texnologiyanın hüquq sahəsinə təsiri kimi aktual mövzuların müzakirəsi aparılıb. Eyni zamanda forumda iştirak edən robot Sofiya hüquq və innovasiyaların birgə inkişaf edərək gələcəyin qanunvericiliyini necə formalaşdıra biləcəyini nümayiş etdirib.

Qeyd edək ki, forum dövlət-özəl sektorları arasında hüquq mövzusu üzrə əməkdaşlığı daha da təşviq etmək, hüquq mütəxəssisləri üçün bilik mübadiləsi təşkil etmək, əsas qanunvericilik islahatlarını müzakirə etmək və mövcud hüquqi boşluqları dəyərləndirmək üçün dinamik bir platforma yaratmaq məqsədi daşıyıb.