Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin əməkdaşı hüquq jurnallarına dair Monitorinq Hesabat tədbirində iştirak edib

15 aprel 2025 | 10:13 124

Cari ilin 11 aprel tarixində Qanunvericilik təşəbbüsləri və monitorinq şöbəsinin müdiri Nurani Rüstəmli Hüquq və İnsan Haqları İnstitutunun hüquq sahəsində məqalə dərc edən jurnallara dair hazırladığı ikinci Monitorinq Hesabatı üzrə keçirilən dəyirmi masada iştirak edib.

Müxtəlif qurumların nümayəndələrinin, hüquqşünas alimlərin və hüquq jurnallarının təmsilçilərinin iştirak etdiyi dəyirmi masada 152 hüquqşünas və 18 hüquq jurnalı arasında keçirilmiş elektron sorğunun nəticələri müzakirə olunub. İnstitutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə hazırlanan ikinci monitorinq hesabatını tədbir iştirakçılarına təqdim edərək bildirib ki, İnstitut yalnız hüquq jurnallarının mövcud vəziyyətini araşdırmaqla kifayətlənmir, eyni zamanda mövcud problemlərin həlli və jurnalların müasir elmi tələblərə cavab verən səviyyəyə çatdırılması istiqamətində də fəaliyyət göstərir.

Sorğu nəticəsində ən çox oxunan jurnallar üzrə statistik göstəricilər təqdim olunub. Müzakirələr zamanı hüquq jurnallarının hazırkı vəziyyəti təhlil edilib və bu sahədə bir sıra maraqlı təkliflər səsləndirilib.

Qeyd edək ki, ilk monitorinqin nəticələrindən sonra İnstitutun rəsmi saytında ölkədə nəşr olunan hüquq jurnallarının əlaqə vasitələrinin vahid platforması və hüquq jurnallarındakı məqalələr üzrə vahid axtarış bazası yaradılıb. Bazaya 18 jurnalda dərc edilmiş 1063 məqalə əlavə edilib. Bununla yanaşı, jurnalların keyfiyyətinin artırılması məqsədilə İnstitut “Hüquq sahəsində elmi məqalələrin tərtib olunmasına dair Qaydalar”ı da geniş ictimaiyyətə təqdim edib.