Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin fəaliyyətinin üç illiyi münasibəti ilə Müşahidə Şurasının iclası keçirilib
Cari ilin 23 may tarixində Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin fəaliyyətinin üç illiyi ilə əlaqədar Müşahidə Şurasının iclası baş tutub.
İclası giriş nitqi ilə açan Müşahidə Şurasının sədri Gündüz Kərimov gündəlikdə olan məsələləri iştirakçıların diqqətinə çatdırıb.
Daha sonra geniş təqdimatla çıxış edən Mərkəzin İcraçı direktoru Samir Mahmudov 2022–2024-cü illəri əhatə edən dövr ərzində qurumun fəaliyyəti, işinin təşkili, kadrların komplektləşdirilməsi, həmçinin fəaliyyət istiqamətləri üzrə görülmüş tədbirlər barədə ətraflı məlumat verib.
Mərkəzin ötən üç ildə Nizamnaməsinə müvafiq olaraq hüquqi aktların layihələrinin hazırlanması, hüquqi ekspertiza fəaliyyətinin həyata keçirilməsi, müvafiq hüquqi rəylərin verilməsi, eləcə də hüquqi aktların keyfiyyətinin artırılması istiqamətində görülmüş işlər barədə geniş məlumat verilib, bununla əlaqədar statistik və digər əhəmiyyətli məlumatlar diqqətə çatdırılıb.
Eyni zamanda Mərkəz tərəfindən müvafiq dövrlər ərzində dövlət qurumlarının hüquq sahəsində fəaliyyət göstərən əməkdaşlarına hüquqi bilik, təcrübə və səriştələrinin artırılması üçün normayaratma fəaliyyəti və hüquq normalarının tətbiqi sahəsində keçirilmiş təlimlər, o cümlədən iştirakçılar, onların sayı və digər zəruri məqamlar haqqında da ətraflı məlumat verilib.
Mərkəzin fəaliyyətində rəqəmsallaşma proseslərinin genişləndirilməsi və sənəd dövriyyəsinin sürətləndirilməsi məqsədilə elektron sənəd dövriyyəsi sisteminə (ESDS) inteqrasiya olunduğu da diqqətə çatdırılıb. İcraçı direktor çıxışında ötən üç il ərzində Mərkəzin rəsmi vebsaytı ilə yanaşı, sosial media platformalarında – Linkedin, X (keçmiş Twitter), Facebook və Instagram – rəsmi hesabların yaradıldığını və bu kanallar vasitəsilə Mərkəzin fəaliyyəti barədə ictimaiyyətin mütəmadi şəkildə məlumatlandırıldığını qeyd edib. Bildirilib ki, paylaşım intensivliyinin artması ilə yanaşı, izləyici və baxış sayında da nəzərəçarpacaq dərəcədə artım müşahidə olunub.
Həmçinin bildirilib ki, ötən dövr ərzində Mərkəz dövlət qurumları və beynəlxalq təşkilatlarla da səmərəli əlaqələr qurub, o cümlədən Beynəlxalq Qanunvericilik Assosiasiyasına və Mərkəzi Avropa Hüquq İnstitutuna institusional üzv olub. Bu üzvlüklərin Mərkəzə beynəlxalq hüquq təcrübəsinə çıxış imkanı qazandırmaqla yanaşı, normayaratma sahəsində qabaqcıl təcrübənin öyrənilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və hüquqi tənzimləmə prosesində müasir yanaşmaların tətbiqinə töhfə verməsi baxımından mühüm əhəmiyyət daşıdığı qeyd olunub.
Bundan əlavə, “Konstitusiya və Suverenlik İli” çərçivəsində Mərkəz tərəfindən hazırlanmış və “Normativ hüquqi aktın qəbul edilməsi zərurətinin əsaslandırılması sənədinin tərtib edilməsi qaydaları”, “Normativ hüquqi aktların elmi-praktiki kommentariyalarının hazırlanmasına dair təlimat”, “Normayaratma texnikası qaydaları”nı əhatə edən vəsaitin ilkin versiyası Müşahidə Şurasının üzvlərinə təqdim edilib, həmin versiya üzrə müzakirələr aparılıb və təkliflər verilib.
Daha sonra İcraçı direktor Mərkəzin növbəti illər üçün qarşısına qoyulan strateji hədəfləri barədə geniş məlumat verib və bu barədə də iclas iştirakçıları fikirlərini bildiriblər.
Sonda Mərkəzin üç illik fəaliyyətinə dair Müşahidə Şurasının iclasında qeyd olunan məsələlər ətrafında geniş müzakirələr aparılıb, tövsiyələr verilib və onun bu dövrlər ərzində fəaliyyəti qənaətbəxş hesab olunub.